MƏDƏNİYYƏT

Nümayiş baş tutdu, qaldı nəticəni gözləmək

Azərbaycan kino tarixində ilk dəfədir ki, filmimiz A kateqoriyalı festivalın əsas müsabiqəsində yer alıb.
Sputnik

BAKI, 12 sentyabr - Sputnik. Azərbaycanlı rejissor Hilal Baydarovun “Səpələnmiş ölümlər arasında” fimi 77-ci Venesiya Film Festivalında nümayiş olunub.

Bu barədə Sputnik Azərbaycan festivalın rəsmi saytına istinadən məlumat verir.

Sputnik Azərbaycan  xəbər verir ki,  Azərbaycan, ABŞ və Meksikanın birgə istehsalı olan filmdə Davud adlı bir gəncin məhəbbət hekayəsindən bəhs olunur. Yanlış anlaşılan, narahat həyatına məna və sevgi gətirəcəyinə inanaraq əsl ailəsini axtaran Davud günlərin birində ard-arda gözlənilməz qəzalar yaşayır. Bu qəzalar hər dəfə ölümlə nəticələndiyi zaman gözəgörünməz xatirələr və narahatlıqlar üzə çıxır.

Filmin ssenari müəllifləri Hilal Baydarov, Rəşad Səfər, quruluşçu operatoru Elşən Abbasov, bəstəkarı Kənan Rüstəmli, birgə istehsalçıları Carlos Reygadas, Joslyn Barnes, icraçı prodüserləri Danny Glover, Susan Rockefellerdir. Filmdə Orxan İskəndərli, Rəna Əsgərova, Hüseyn Nəsirov, Samir Abbasov, Kamran Hüseynov, Məryəm Nağıyeva, Kübra Şükürova, Nərmin Həsənova, Oktay Namazov, Mürvət Əbdüləzizov çəkilmişlər.

Qeyd edək ki, Hilal Baydarovun filmləri əvvəllər də bir çox festivallarda uğur qazanmışdır. “Xurmalar yetişən vaxt” sənədli filmi 25-ci Sarayevo Kino Festivalında “Ən yaxşı sənədli film”, “Nyon Visions du Reel” Film Festivalında “Dinlərarası mükafat”a və “Münsiflər heyətinin mükafatı”na layiq görülüb.

 

Sentyabrın 2-də başlayan festivalın “Qızıl Şir” mükafatı sentyabrın 12-də öz sahibinə təqdim olunacaq.