BAKI, 12 sentyabr — Sputnik. "TikTok" video paylaşma xidmətinin ABŞ-da qadağan edilməsi "Instagram" üçün təhlükəli bir presedentdir. "Instagram" şirkətinin rəhbəri Adam Mosseri belə hesab edir.
Sputnik Azərbaycan xəbər verir ki, onun bu bəyanatını "CNBC" yayıb.
"Əgər biz hakimiyyətin interneti ölkə daxilində təcrid etdiyi nöqtəyə doğru hərəkət etsək, biz işləyə bilməcəyik", – Mosseri qeyd edib.
Mosseri izah edib ki, "Instagram" qısamüddətli perspektivdə rəqabətin azalmasından faydalanacaq, lakin gələcəkdə bu cür presedent biznes üçün daha pis ola bilər.
O qeyd edib ki, müxtəlif ölkələrdə ziddiyyətli siyasət xeyirdən çox ziyan gətirəcək.
"Əslində bu, mənim heç xoşuma gəlmir, hərçənd bəziləri hesab edirlər ki, bu, (ABŞ-da "TikTok"a qadağa qoyulması – red) bizə fayda verəcək. Düşünürəm ki, yaxın beş və ya on il ərzində çox pis olacaq", – o, əlavə edib.
Avqustun əvvəlində Prezident Donald Tramp Çin hökuməti ilə münasibətlərin pisləşməsi fonunda ABŞ-da "TikTok"un qadağan edilməsi haqqında fərman imzalayıb.
Əgər 2020-ci il sentyabrın 15-ə qədər "TikTok"un ölkədəki biznesini Amerika şirkəti almasa, sosial şəbəkə qadağan ediləcək. "TikTok"un ABŞ, Kanada, Avstraliya və Yeni Zelandiyada biznesinin alınması ilə "Microsoft", "Twitter" və "Oracle" şirkətləri maraqlanır.