Sinqapurun aviaşirkəti "son məntəqəsi olmayan uçuşlara" başlayacaq

Bu cür reyslər COVID-19 pandemiyası fonunda bağlanmış sərhədlər və dayandırılmış hava əlaqəsi səbəbindən Tayvanda populyarlıq qazanıb
Sputnik

BAKI, 11 sentyabr — Sputnik. Sinqapurun "Singapore Airlines" aviaşirkəti oktyabrın sonuna qədər "son məntəqəsi olmayan uçuşları" açmağı planlaşdırır.

Sputnik Azərbaycan "Straits Times" nəşrinə istinadən xəbər verir ki, bu uçuşlar zamanı təyyarələr qalxdıqları hava limanına qayıdacaqlar.

Nəşrin məlumatına görə, son məntəqəsi olmayan reyslərin sərnişinləri uçuşda təxminən üç saat vaxt keçirə biləcəklər. Reyslər Çanqi hava limanından və geriyə istiqamətdə aparılacaq.

Qeyd edilir ki, təşəbbüsün məqsədi koronavirus pandemiyası səbəbindən şirkətin üzləşdiyi iqtisadi çətinliklərə qarşı mübarizədir.

Bir qədər əvvəl bildirilib ki, "Singapore Airlines" aviaşirkəti koronavirus pandemiyası səbəbindən təxminən 2,4 min işçisini ixtisara salacaq.

Bu cür son məntəqəsi olmayan uçuşlar COVID-19 pandemiyası fonunda bağlanmış sərhədlər və dayandırılmış hava əlaqəsi səbəbindən Tayvanda populyarlıq qazanıb.