BAKI, 10 sentyabr — Sputnik. Ölkəsinə geri qayıtmağı və hakimiyyətə gəlməyi planlaşdıran Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili Rusiya ilə qarşıdurmaya girməyəcəyinə söz verib. Sputnik Azərbaycan xəbər verir ki, bunu Mixeil Saakaşvili "Formula" teleşirkətinə müsahibəsində bildirib.
"Hazırda ölkəni bataqlıqdan çıxarmaq önəmlidir, kiminləsə qarşıdurmaya getmək yox... Bizim məqsədimiz Rusiya ilə qarşıdurmaya getmək yox, daxili problemləri düzgün həll etməkdir", - deyə Saakaşvili qeyd edib.
Qeyd edək ki, daha əvvəl Saakaşvili bəyan edib ki, Gürcüstana qayıdır. O etiraf edib ki, prezidentliyi dövründə heç də az olmayan qədər səhvlər buraxıb, lakin hazırda o "öz ölkəsinə layiqincə xidmət" etmək üçün kifayət qədər təcrübə toplayıb.
Xatırladaq ki, sentyabrın 7-si Gürcüstanın "Güc birlikdədir" müxalif birliyi sabiq prezident Mixeil Saakaşvilini baş nazir vəzifəsinə rəsmən namizəd irəli sürüb.