Hakimiyyəti heç kimə verməyəcəyəm – Lukaşenko

Belarus Prezidenti qeyd edib ki "hakimiyyət ona görə verilmir ki, onu götürüb atasan və ya verəsən".
Sputnik

BAKI, 10 sentyabr — Sputnik. Belarus Prezidenti Aleksandr Lukaşenko etiraf edib ki, hakimiyyəti verməyəcək, çünki onu "xalq bunun üçün seçməyib". Bu barədə Sputnik Belarus xəbər verib.

"Kişi kimi sizə demək istəyirəm, yarımçıq heç nə qalmasın. Məni tez-tez qınayırlar ki, "hakimiyyəti o verməyəcək". Düzgün də qınayırlar. Məni xalq bunun üçün seçməyib", - deyə Lukaşenko Belarusun yeni Baş Prokuroru Andrey Şvedanı təqdim edərkən bildirib.

Belarus Prezidenti qeyd edib ki "hakimiyyət ona görə verilmir ki, onu götürüb atasan və ya verəsən".

"90-cı illərin ortasında o palçığın içərisində idi, ona ayaqlar silinirdi. Sizin haqqınızda – rütbə daşıyanlar haqqında da belə idi. Sizlərdən çoxu bu dövrü xatırlayır. Mən Belarusun həmin vaxta qayıtmasını istəmirəm".

Qeyd edək ki, Belarusda bir aydan artıq müddətdir ki, 9 avqust prezident seçkilərinin rəsmi nəticələrinə etiraz olaraq kütləvi aksiyalar keçirilir. Rəsmi nəticələrə görə, Aleksandr Lukaşenko seçkilərdə səslərin 80%-ni toplayıb. Lukaşenko özü iddia edir ki, baş verənlərin arxasında Qərb dayanır.