CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı Nəqliyyat Agentliyi deputatı böyük məbləğdə cərimələyib

"BNA əməkdaşları gəlib izah etmirlər ki, ay vətəndaş sən burada düzgün saxlamamısan. Heç nə izah etməmiş gəlib maşının şəklini çəkib qaçırlar. Sürücümdən soruşuram ki, nə qədər cərimə var, elə bir məbləğ dedi ki, burada səsləndirilməli deyil, yəni böyük məbləğdi".
Sputnik

BAKI, 10 sentyabr — Sputnik. "Bakı Nəqliyyat Agentliyinin (BNA) işçiləri hərəsi alıb əlinə bir fotoaparatı maşını saxlayan kimi şəklini çəkib qaçırlar". Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin deputatı Rüfət Quliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

"BNA əməkdaşları gəlib izah etmir ki, ay vətəndaş sən burada düzgün saxlamamısan. Heç nə izah etməmiş gəlib maşının şəklini çəkib qaçırlar. Sürücümdən soruşuram ki, nə qədər cərimə var, elə bir məbləğ dedi ki, burada səsləndirilməli deyil, yəni böyük məbləğdi", - deyə deputat bildirib.

O qeyd edib ki, BNA cərimələrdən yığılan pulun hesabatını verməlidir: "Gündə 5 min adama 20 manatdan cərimə yazanda bu xeyli sayda vəsait edir. Ancaq hesabat verilmir ki, bu qədər pul hara xərclənir, nəyə sərf olunur. Hesab edirəm ki, Bakı Nəqliyyat Agentliyindən bura bir nümayəndə dəvət edək, bir cavab versin görək bu pullar hara xərclənir".