SƏHİYYƏ

Baş nazir xəbərdarlıq etdi: Koronavirusun ikinci dalğası başlayıb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Sputnik

BAKI, 10 sentyabr — Sputnik. Gürcüstanda koronavirus pandemiyasının ikinci dalğası başlayır, lakin panika üçün heç bir səbəb yoxdur. Sputnik Gürcüstan xəbər verir ki, bunu hökumətin bu gün keçirilən iclasında Gürcüstanın Baş naziri Georgi Qaxariya bildirib.

"Bu gün qeydə alınan 57 hal, dünən isə 44 hal birbaşa olaraq göstərir ki, ölkədə epidemioloji vəziyyət yavaş-yavaş dəyişir. Biz ikinci dalğanın baş verəcəyini ehtimal edirdik və bu proses başlayır. Biz payızda gözləyirdik və payızda proses başlayır. Əsas odur ki, panika üçün heç bir əsas yoxdur. Çünki biz vəziyyətə tamamilə nəzarət edirik", - deyə Gürcüstanın Baş naziri bildirib.

Qeyd edək ki, son bir sutka ərzində Gürcüstanda koronavirusa yeni 57 yoluxma faktı qeydə alınıb.

Ümumilikdə bu ölkədə koronavirusa yoluxanların sayı 1830-a çatıb.

Son 24 saat ərzində qonşu ölkədə virusa yoluxmuş 6 pasiyent sağalaraq evə buraxılıb. Ümumilikdə xəstəlikdən sağalanların sayı 1334-ə çatıb, 19 nəfər isə ölüb.

Bu arada bu gündən etibarən Gürcüstan hökumətinin qərarı ilə bütün ölkə ərazisində ad günü, toy, şənlik, yas və digər bu kimi kütləvi tədbirlərin keçirilməsi qadağan olunub.

Kütləvi tədbirlərin keçirilməsi həm qapalı məkan, həm də açıq havada qadağan olunub.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 27,8 milyonu keçib, 903 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.