"Azəriqaz" İB-dən millət vəkilinə cavab - Abonentlərə isə şad xəbər

Deputat Məşhur Məmmədovun qaz çəkilişi üçün böyük məbləğdə vəsait tələb olunmasına dair fikirlərində “Azəriqaz” İB-nin adının hallandırılması düzgün deyil. Birlik ödənişli qaz çəkilişləri həyata keçirmir.
Sputnik

BAKI, 10 sentyabr — Sputnik. Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı Məşhur Məmmədov bu gün açıqlama verərək bildirib ki, “Qaz çəkilişi ilə bağlı müəyyən texniki şərtlərin tarifləri çoxdur. Masallıda seçicilər deyir ki, bir qaz çəkilməsi üçün 16400 manat tarif qoyulub. Halbuki heç o evin qiyməti 5000 manat deyil”. O, daha sonra bununla bağlı “Azəriqaz” İB-yə bir neçə dəfə müraciət etdiyini də əlavə edib.

Məsələ ilə bağlı "Azəriqaz" İB-dən münasibət bildirilib. Sputnik Azərbaycan-a birliyin mətbuat xidmətindən verilən məlumata əsasən, "Azəriqaz" İB-dən bildirilib ki, millət vəkilinin etdiyi müraciət Masallı rayonu, Şərəfə kəndində yerləşən yeni yaşayış massivinin qazlaşdırılması ilə bağlı olub: "Məktuba 01 sentyabr 2020-ci il tarixində yazılan cavabda açıq-aydın qeyd edilib ki, yaşayış məntəqələrinin qazlaşdırılması “Azərbaycan Respublikasının regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Dövlət Büdcəsindən ayrılan maliyyə vəsaiti ilə mərhələli şəkildə icra olunur. Növbəti mərhələdə Masallı rayonunun təbii qazla təmin olunmayan yeni yaşayış massivlərinin, o cümlədən qeyd olunan ərazinin qazlaşdırılması üçün maliyyə vəsaiti ayrıldıqdan sonra həmin yaşayış sahəsinin qaz təminatı məsələsi mərhələli şəkildə öz həllini tapa bilər".

"Deputat Məşhur Məmmədovun qaz çəkilişi üçün böyük məbləğdə vəsait tələb olunmasına dair fikirlərində “Azəriqaz” İB-nin adının hallandırılması düzgün deyil. Birlik ödənişli qaz çəkilişləri həyata keçirmir. “Asan xidmət” və “Asan Kommunal” mərkəzlərinə müraciət edən vətəndaşın qanuni icazəsi (lisenziyası) olan 100-dən çox podratçı tikinti təşkilatı ilə müqavilə bağlamaq imkanı var. Seçim onun öz öhdəsinə qalır. Vətəndaş fərdi sifarişi ilə öz vəsaiti hesabına qazlaşmanı aparır və podratçı təşkilatla onun arasındakı münasibətlərə “Azəriqaz” İB müdaxilə etmir. Bu halda Birliyimiz yalnız fərdi yaşayış evlərinin qazlaşdırılması üçün qaz sayğaclarını və texniki şərti ödənişsiz verir. Əgər millət vəkilinin dediyi kimi kimdənsə bizim əməkdaşlarımız vəsait tələb edibsə, o, bunun araşdırılması üçün müvafiq dövlət orqanlarına korrupsiya halı kimi təqdim edə bilər", - deyə qurumdan verilən məlumatda qeyd olunub.

Bildirilib ki, bütün bunlara baxmayaraq, abonent məmnuniyyətini daim üstün tutan "Azəriqaz" İB-nin rəhbərliyi yuxarıda adı çəkilən yaşayış massivinin sakinləri üçün öz daxili imkanları hesabına daşıyıcı xəttin çəkilməsini həyata keçirəcək.