CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Pandemiya insanlardan pul qazanmağa yeni fürsət doğurub

Belə yeni "pandemiyaya dözümlü" sığorta təminatları ucuz olmasa da, müəssisələrə növbəti analoji şoklardan və zərərlərdən sığortalanma şansı verir
Sputnik

BAKI, 9 sentyabr — Sputnik. "Aparılan araşdırmalar göstərir ki, koronavirus pandemiyası başlamazdan əvvəl insanların yalnız 10%-i öz tibbi sığorta paketlərinin içərisində yoluxucu və pandemiya xəstəliklərinin olub-olmaması ilə maraqlanırdısa, indi bu faiz təxminən 70-ə yüksəlib. Yəni, artıq hər 100 nəfərdən 70-i tibbi sığortanı COVID-19 kimi gözlənilməz pandemik xəstəliklərlə mübarizə üçün bir zərurət hesab edir".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə sığorta məsələləri üzrə ekspert Xəyal Məmmədxanlı danışıb.

O qeyd edib ki, sığorta şirkətləri də COVID-19 böhranı zamanı bir çox müəssisələrin iflas olmasından, yaşadıqları böhrandan sonra bu cür virusların yeni bir dünya normalına çevrilə biləcəyini düşündükləri üçün bütün dünya üçün yeni məhsullar yaratmağa başlayıblar.

"Belə yeni "pandemiyaya dözümlü" sığorta təminatları ucuz olmasa da, müəssisələrə növbəti analoji şoklardan və zərərlərdən sığortalanma şansı verir. Həm mövcud sığortaçılar, həm də böhrandan doğulan yeni oyunçular bu fürsətdən istifadə edərək pandemiya risklərini öz mövcud məhsullarına əlavə etməklə, ya da bu cür riskləri ehtiva edən yeni məhsullar yaratmaqla bazarda qalmağı və böyüməyi hədəfləyirlər", - deyə ekspert vurğuılayıb.