MƏDƏNİYYƏT

Ərəbi erməniyə çevirmək mümkün olmadı - VİDEO

Şirkət Fikrət Əmirovun vərəsələrinin məyusluğunu tamamilə başa düşərək edilən səhvləri düzəltməyə hazır olduğunu da bildirib
Sputnik

BAKI, 9 sentyabr — Sputnik. Belçikanın "Muziekpublique" şirkətinin direktoru Peter Van Rompaey və şirkətin koordinatoru Kenza İsmaili Əqli Mülkiyyət Agentliyinə məktub göndərərək Fikrət Əmirovun muiqisinin mənimsənilməsinə görə üzr istəyiblər.

Sputnik Azərbaycan xəbər verir ki, onlar "Houcher" musiqisinin ənənəvi (folklor nümunəsi) musiqi olmadığını bilmədiklərini, əks halda onun albomda istifadəsinə görə icazə istəməli olduqlarını etiraf edərək çox üzgün olduqlarını qeyd ediblər.

Şirkət Fikrət Əmirovun vərəsələrinin məyusluğunu tamamilə başa düşərək edilən səhvləri düzəltməyə hazır olduğunu da bildirib.

Bundan əlavə, məktubda "Karin" albomunun yenidən hazırlanması zamanı "Houcher" mahnısının mütləq siyahıdan çıxarılacağı, o cümlədən adıçəkilən musiqinin Vardan Hovanisyan və Emre Gültəkinə aid olmadığı, "Kor ərəbin mahnısı" orijinal adı ilə Fikrət Əmirov tərəfindən bəstələndiyi və şirkətin bununla bağlı səhv etdiyini ictimaiyyətə çatdırmaq üçün kommunike buraxılacağı, eləcə də şirkətin "Houcher" mahnısını bütün platformalardan silməyə hazır olduğu vurğulanıb.

Qeyd edək ki, görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun "Kor ərəbin mahnısı" əsərinin musiqisi Belçikada yaşayan Vardan Hovanisyan və Emre Gültekin tərəfindən mənimsənilərək "Houcher" adı altında "Karin" musiqi albomuna daxil edilib və bir sıra platformalarda yayımlanıb.

Bununla əlaqədar, Əqli Mülkiyyət Agentliyi və Fikrət Əmirovun vərəsələri tərəfindən müəlliflik hüquqlarının pozulmasının qarşısının alınması ilə əlaqədar musiqi albomunun istehsalçısı olan Belçikanın "Muziekpublique" şirkətinə qarşı müvafiq tələblər irəli sürüblər. Plagiatçılıqla məşğul olanlara qarşı qanunvericiliklə müəyyən edilmiş tələblərin yerinə yetirilməsi Əqli Mülkiyyət Agentliyinin və Fikrət Əmirovun vərəsələrinin ciddi nəzarətindədir. Məsələnin gedişatı ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Məlumat üçün bildirək ki, sözügedən əsər görkəmli Azərbaycan şairi, yazıçı və dramaturq Hüseyn Cavidin "Şeyx Sənan" dram əsərinin tamaşasına bəstələnib. Bir çox xanəndə və müğənnilərin ifasında səslənən əsərin ilk ifaçısı Məmmədəli Əliyev olub.