MƏDƏNİYYƏT

Bakıda əfsanəvi qəhrəman haqda film çəkilir - FOTO

Azərbaycan aktyorları sağ qalsaydı, bu il yüz yaşı tamam olacaq tanınmış partizan Əhmədiyyə Cəbrayılovun həyat hekayəsindən bəhs edən filmdə çəkilirlər
Sputnik

BAKI, 9 sentyabr — Sputnik, Kəmalə Əliyeva. Rejissor Mikayıl Mikayılov Azərbaycanın məşhur partizanı Əhmədiyyə Cəbrayılov haqda film çəkir.

Sputnik Azərbaycan-a bu barədə rejissor özü məlumat verib.

Film Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevin Əhmədiyyə Cəbrayılovun 100 illik yübileyinin qeyd olunması barədə sərəncamına uyğun olaraq istehsal olunacaq. Onu İTV nümayiş etdirəcək.

Filmdə rolları Əli Əlizadə, Yaroslav Trifonov, Rasim Cəfər, Anar  Məlikov, Faiq Mirzəyev, Müşviq Mirzəyev, Sona Mikayılova və başqaları oynayacaqlar.

Əhmədiyyə Cəbrayılov 1920-ci il sentyabrın 22-də Şəkidə doğulub. 1941-ci ildə könüllü olaraq cəbhəyə gedib. Sonra isə Fransanın Müqavimət Hərəkatına qoşulub. O, yüzlərlə fransızı faşistlərdən xilas edib, Şarl de Qollun dostu olub. Cəbrayılov Fransanın bütün ali hərbi mükafatlarına layiq görülüb – Fransa Hərbi Medalı, Fəxri Legionun Ali Ordeni, Hərbi Xaç ordeni və Hərbi Şücaətlərə görə Xaç ordeni. Çoxsaylı kəşfiyyat əməliyyatlarında Əhmədiyyə misilsiz şücaətlər göstərib. Müharibədən sonra, 1951-ci ildə Azərbaycana qayıdıb.