MƏDƏNİYYƏT

Azərbaycanlı rejissorun filmi “Qızıl Şir” mükafatı uğrunda yarışacaq

Azərbaycanın kino tarixində ilk dəfə olaraq Venesiya festivalının əsas müsabiqə proqramında ölkəmizi təmsil edən “Səpələnmiş ölümlər arasında” filminin təqdimatı sentyabrın 11-də baş tutacaq
Sputnik

BAKI, 8 sentyabr — Sputnik. Builki Venesiya Film Festivalının əsas müsabiqə proqramında “Qızıl Şir” mükafatı uğrunda yarışacaq filmlər arasında azərbaycanlı rejissor Hilal Baydarovun “Səpələnmiş ölümlər arasında” bədii filmi də var.

Sputnik Azərbaycan  xəbər verir ki,  Azərbaycan, ABŞ və Meksikanın birgə istehsalı olan filmdə Davud adlı bir gəncin məhəbbət hekayəsindən bəhs olunur. Yanlış anlaşılan, narahat həyatına məna və sevgi gətirəcəyinə inanaraq əsl ailəsini axtaran Davud günlərin birində ard-arda gözlənilməz qəzalar yaşayır. Bu qəzalar hər dəfə ölümlə nəticələndiyi zaman gözəgörünməz xatirələr və narahatlıqlar üzə çıxır.

Azərbaycanın kino tarixində ilk dəfə olaraq Venesiya festivalının əsas müsabiqə proqramında ölkəmizi təmsil edən “Səpələnmiş ölümlər arasında” filminin təqdimatı sentyabrın 11-də baş tutacaq.

Filmin ssenari müəllifləri Hilal Baydarov, Rəşad Səfər, quruluşçu operatoru Elşən Abbasov, bəstəkarı Kənan Rüstəmli, birgə istehsalçıları Carlos Reygadas, Joslyn Barnes, icraçı prodüserləri Danny Glover, Susan Rockefellerdir. Filmdə Orxan İskəndərli, Rəna Əsgərova, Hüseyn Nəsirov, Samir Abbasov, Kamran Hüseynov, Məryəm Nağıyeva, Kübra Şükürova, Nərmin Həsənova, Oktay Namazov, Mürvət Əbdüləzizov çəkilmişlər.

Qeyd edək ki, Hilal Baydarovun filmləri əvvəllər də bir çox festivallarda uğur qazanmışdır. “Xurmalar yetişən vaxt” sənədli filmi 25-ci Sarayevo Kino Festivalında “Ən yaxşı sənədli film”, “Nyon Visions du Reel” Film Festivalında “Dinlərarası mükafat”a və “Münsiflər heyətinin mükafatı”na layiq görülmüşdür.

Qeyd edək ki, sentyabrın 2-də açılışı olan Venesiya Film Festivalı 12 sentyabradək davam edəcək.