Belarusda ehtiyatda olan hərbçilər orduya çağırılırlar

Belarusda üç həftədən artıq müddətdir ki, avqustun 9-u prezident seçkilərinin rəsmi nəticələrinə etiraz olaraq kütləvi aksiyalar keçirilir
Sputnik

BAKI, 7 sentyabr — Sputnik. Belarusda ehtiyatda olan hərbçilərin yenidən hərbi xidmətə çağırılmasına başlanılıb. Bu barədə Sputnik Azərbaycan Belarusun Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir.

Məlumatda, həmçinin qeyd olunub ki, iki artilleriya bazası və tank qoşunlarının bir bazası yüksək hazırlıq mərhələsinə gətirilib. Ehtiyatda olan hərbçilər komanda-qərargah təlimlərinə cəlb olunacaqlar. Bu təlimlərin nə qədər çəkəcəyi açıqlanmır.

Təlimlər Belarus Silahlı Qüvvələrinin hərbi hazırlığının yoxlanılması çərçivəsində baş tutacaq.

Qeyd edək ki, Belarusda üç həftədən artıq müddətdir ki, 9 avqust prezident seçkilərinin rəsmi nəticələrinə etiraz olaraq kütləvi aksiyalar keçirilir. Rəsmi nəticələrə görə, Aleksandr Lukaşenko seçkilərdə səslərin 80%-ni toplayıb. Lukaşenko özü iddia edir ki, baş verənlərin arxasında Qərb dayanır.