BAKI, 6 sentyabr — Sputnik. Argentinada Zoom vasitəsilə keçirilən onlayn mühazirə zamanı De la Empresa universitetinin qadın müəllimi vəfat edib. Bu barədə yerli Clarin nəşri məlumat yayıb.
Məlumata əsasən, 46 yaşlı Paola de Simone tələbələrə onlayn mühazirə keçərkən boğulmağa başlayıb, ardınca isə huşunu itirərək yıxılıb və ölüb.
Müəllim boğulmağa başlayanda tələbələr təcili yardım çağırmaq üçün onun ünvanını pöyrənməyə çalışsalar da, qadın ünvanı deyə bilməyib.
Clarin bildirir ki, avqustun sonlarında de Simone sosial şəbəkədə artıq bir aydır özündə koronvirus əlamətlərini müşahidə etdiyini yazıb.
Argentina hökuməti koronavirusa görə tətbiq olunan karantini sentyabrın 20-dək uzatmaq barədə qərar qəbul edib. Bu günədək ölkədə 471 806 nəfər koronavirus xəstəsi qeydə alınıb, bu xəstəlikdən 9 807 argentinalı vəfat edib.