BAKI, 5 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov sentyabrın 5-də Moskva vilayətinin Alabino hərbi poliqonunda keçirilən “Tank biatlonu” müsabiqəsinin final mərhələsini izləyib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, final yarışlarında birinci divizionda Rusiya, Belarus və Çin komandaları ilə mübarizə aparan Azərbaycan tankçıları uğurlu çıxış ediblər. Ümumilikdə komandamız 16 ölkə arasında dördüncü yeri tutub.
Rusiyaya səfəri çərçivəsində general-polkovnik Zakir Həsənov Pakistan Silahlı Qüvvələrinin Qərargah rəislərinin Birləşmiş Komitəsinin sədri Nadim Raza ilə də görüşüb. APA-nın məlumatına görə, onlar birlikdə Alabino poliqonunda Azərbaycan stendi ilə tanış olublar. Pakistanlı general Azərbaycan bayrağını əlinə alaraq azərbaycanlı həmkarı ilə həmrəylik nümayiş etdirib.