HADİSƏ

İstilik Elektrik Stansiyasında fəhlə öldü

İlkin istintaqla İsaq Əhmədovun Mingəçevir İstilik Elektrik stansiyasının 1-ci nasosxanasında boyama işləri görən zaman elektrik cərəyanın təsirinə məruz qalaraq ölməsi müəyyən edilib
Sputnik

BAKI, 5 sentyabr — Sputnik. Sentyabrın 4-də Mingəçevir şəhəri ərazisində 1978-ci il təvəllüdlü İsaq Əhmədovun elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı şəhər prokurorluğuna məlumat daxil olub. Mingəçevir şəhər Prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İlkin istintaqla İsaq Əhmədovun Mingəçevir İstilik Elektrik stansiyasının 1-ci nasosxanasında boyama işləri görən zaman elektrik cərəyanın təsirinə məruz qalaraq ölməsi müəyyən edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.