CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Naxçıvanda Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirilib - VİDEO

Yaradılmış hədəf rayonunun 100 faizi, hədəflərdən 85 faizdən, maketlərdən isə 90 faizdən çoxu məhv edilib
Sputnik

BAKI, 5 sentyabr — Sputnik. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən, Naxçıvanda iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təliminin birinci mərhələsi keçirilib.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən bildirir ki, sentyabrın 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Türkiyə Respublikasının 3-cü Ordu Komandanı, general-polkovnik Şərəf Öngay təlimi izləmişlər.

Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-polkovnik Kərəm Mustafayev təlimə hazırlıq barədə raport verib.

Naxçıvanda Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirilib - VİDEO

Əməliyyat taktiki təlimin planı ilə tanışlıq zamanı bildirilib ki, təlimin keçirilməsində məqsəd Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birləşmə, hissə və bölmələrinin şəxsi heyəti arasında təcrübə mübadiləsinin genişləndirilməsindən, eləcə də Əlahiddə Ümumqoşun Ordunun Naxçıvan  Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi, "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyası, "Naxçıvan" Əlahiddə Əməliyyat briqadası və Naxçıvan Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlı bölmələri ilə qərargahlar arasında qarşılıqlı əlaqənin təşkili və idarəetmənin təmin  edilməsindən ibarətdir.

Planla tanışlıqdan sonra təlimə start verilib.

Təlimin ssenarisinə əsasən, döyüş atışlı mərhələ düşmənin mülki əhali arasında çaxnaşma yaradan və dövlət sərhədində təxribat törədən kəşfiyyat-diversiya qruplarının "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının Çevik Hərəkət Taboru və Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlıları tərəfindən zərəsizləşdirilməsi ilə başlanıb. Düşmən təxribatlarına cavab olaraq Əlahiddə Ümumqoşun Ordunun raket və artilleriya birləşmə və hissələri tərəfindən düşmənə atəş zərbələri endirilib. Naxçıvan Qarnizonu Qoşunları Türkiyə Silahlı Qüvvələrinin bölmələri ilə birgə hücuma keçərək düşmənin dayaq məntəqələrində canlı qüvvəsini, atəş vasitələri və zirehli texnikalarını məhv edib, hakim yüksəkliklərdə və əlverişli hədlərdəki mövqelərini ələ keçiriblər. Hücumun gedişində düşmənin aviasiyası məhv edilib, kiçik ölçülü pilotsuz uçuş aparatları zərərsizləşdirilərək dərinlikdən hərəkət edən ehtiyatlarına aviazərbələr endirilib.

Təlimin gedişində mühəndis, təminat və təxliyə qrupları qətiyyətli fəaliyyət göstərərək hücum edən qoşunlarımızın maneəsiz hərəkətini təmin ediblər. Əlahiddə Əməliyyat Briqadası tərəfindən düşmənin kəşfiyyat-diversiya qrupları məhv edilib. Mülki Müdafiə Alayının pirotexniki taqımı ələ keçirilmiş mövqeləri və hərəkət marşurtlarını minalardan, partlayan və partlamayan maneələrdən təmizləmişdir. Təyin edilmiş rayonlara taktiki və hava desantı endirilib. Təlimdə Azərbaycan və Türkiyə birləşmə və hissələri arasında əməliyyatların birgə planlaşdırılması, bölmələrin vahid mərkəzdən idarə olunması, qarşılıqlı əlaqənin və qoşunların hərtərəfli təminatının təşkili üzrə qarşıya qoyulmuş məqsədlərə nail olunub. Şəxsi heyətin birgə fəaliyyəti zamanı xəbərdaretmə, idarəetmə, qarşılıqlı əlaqə, qarşılıqlı tanınma və hədəf göstərmə üzrə tapşırıqların eyni qaydada icrasına nail olunub, komandirlər arasında təcrübə mübadiləsi aparılıb.

Sonda döyüş təyyarələri və helikopterlərin keçidi ilə Azərbaycan və Türkiyə Respublikalarının dövlət bayraqlarının, eləcə də kanatla desantın daşınması nümayiş etdirilib.

Təlimdən sonra silahlanmaya yeni qəbul edilən hərbi radio-kəşfiyyat vasitələrinə baxış olub.

Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-polkovnik Kərəm Mustafayev təlimin başa çatması barədə raport verdikdən sonra şəxsi heyətlə görüş olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Silahlı Qüvvələrinin nümayəndələrini, əsgər və zabitləri salamlamış, onları Azərbaycan və Türkiyə silahlı qüvvələrinin birgə təlimlərinin uğurla başa çatması münasibətilə təbrik etmiş, hərbi təlimin hazırlanmasında əməyi olanlara təşəkkürünü bildirib.

Türkiyə Respublikasının 3-cü Ordu Komandanı birgə təlimin keçirilməsinə göstərilən diqqətə görə minnətdarlıq edib. 

Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-polkovnik Kərəm Mustafayev deyib ki, təlimin hazırlanması və keçirilməsinə, ümumilikdə 5 min nəfərə qədər, döyüşatışlı mərhələnin keçirilməsinə isə 2 min 600-dən artıq şəxsi heyət cəlb edilib. Bundan başqa, 200-dən artıq tank və digər zirehli texnika, 180-ə yaxın müxtəlifçaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemlər və minaatan, 18  təyyarə, helikopter və pilotsuz uçuş aparatı, 30-dan çox hava hücumundan müdafiə vasitəsi və 320-ə yaxın avtomobil texnikası cəlb edilib. Təlimə hazırlıq dövründə birgə qərargahlar tərəfindən keçirilən məşqlərdə müxtəlif səviyyədə qərargahlar arasında qarşılıqlı əlaqənin təşkili diqqət mərkəzində saxlanılıb. Düşmən fəaliyyətlərinin təqlid edilməsi məqsədilə təlim sahəsində 28 hədəf rayonunda 800-ə yaxın hədəf və 90-dan çox maketdən istifadə edilib. Yaradılmış hədəf rayonunun 100 faizi, hədəflərdən 85 faizdən, maketlərdən isə 90 faizdən çoxu məhv edilib. İdarəetmənin və atəşin düzgün planlaşdırılması nəticəsində 32 raketə, 220 iriçaplı mərmiyə, 4 aviasiya bombasına və 7800-dən çox atıcı silahların döyüş sursatına qənaət edilib.

Tədbirdə Azərbaycan Respublikası təltiflərinin təqdimatı olub.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 25 iyun tarixli Sərəncamı ilə Əlahiddə Ümumqoşun Ordunun zabitlərindən 1-i 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 2-i “Vətən uğrunda” medalı, 2-i isə “İgidliyə görə” medalı ilə təltif olunub.

Ali Məclisin Sədri Azərbaycan Respublikası orden və medallarının döş nişanını və vəsiqələrini təqdim edib.

Təlimdə fərqlənən zabit, gizir və əsgərlər qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Sonra xatirə şəkli çəkdirilib.