CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Valideynlərin köhnə dərdi ikiqat təzələndi, ən pisi - bu dəfə heç kim heç nə bilmir

Bağçayaşlı uşaqların məktəbəqədər təlim-tərbiyə müəssisələrinə getməsi çox vacibdir. Təhsil ekspertinin bu fikri baş infeksionistin tövsiyəsi və dövlət bağçalarındakı durumla üst-üstə düşmür
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 5 sentyabr — Sputnik. Paytaxtda uşaq bağçaları açılışa hazırlaşır. Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 15 sentyabr tarixindən Bakı şəhəri üzrə fəaliyyət göstərən dövlət və özəl uşaq bağçalarının fəaliyyətinə icazə verilib. Müvafiq hazırlıq və tibbi-profilaktik tədbirlərdən sonra epidemioloji vəziyyətə uyğun olaraq 1 oktyabr tarixinədək bağçaların tam açılması nəzərdə tutulur.

Qeyd edək ki, paytaxtda yerləşən dövlət uşaq bağçalarında hər zaman sıxlıq müşahidə olunub. Hətta Bakının qəsəbələrində belə bağçaya uşaq qoymaq üçün valideynlər hər il böyük çətinliklə üzləşirlər. Çünki dövlət bağçalarında yer az, müraciət isə dəfələrlə çoxdur. Bu səbəbdən də valideynlər uşaqlarını bağçaya qoymaq üçün məktəbəqədər təhsil müəssisələrinin direktorlarına qeyri-rəsmi ödəniş etmək məcburiyyətində qalırlar. Hətta paytaxtda çarpayı sayından artıq uşaq götürən dövlət bağçaları var. Bəs görəsən, pandemiya dövründə uşaq bağçalarında sıxlıq problemi necə tənzimlənəcək?

Paytaxtda uşaq bağçaları belə işləyəcək

Sputnik Azərbaycan pandemiya dövründə uşaq bağçalarında koronavirusa yoluxma riskini araşdırıb.

Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, uşaq bağçaları qapalı və sıx toplaşma yeri olduğundan, bu məkanlarda koronavirusa yoluxma riski var. Amma C.İsayev pandemiya dövründə müəyyən tələblərə əməl etməklə bağçaların fəaliyyət göstərməsinin mümkün olduğunu söyləyib: “Virusa yoluxma riski bütün sıx toplaşma yerlərində var. Uşaqlar arasında koronavirusa yoluxma riski aşağı olduğundan, bağçalar o qədər də təhlükəli sayılmır. Amma ola bilər ki, uşaq virusa yoluxsa da heç bir əlamət hiss etməsin. O uşaq daşıyıcı olduğundan virusu aparıb evdə baba-nənəsinə yoluxdura bilər. Ona görə də bağçalarda uşaqları qruplara bölərkən bu məqam nəzərə alınmalıdır. Qruplarda çox az uşaq olmalıdır. Bundan əlavə, çarpayılar arasında məsafə artırılmalıdır.

Uşaqları çox yaxın əyləşdirmək, yatırtmaq olmaz. Dövlət uşaq bağçalarında yer az olduğundan, kimin imkanı varsa, uşağını özəl bağçaya qoya bilər. Ən yaxşısı isə uşaqları pandemiya dövründə ciddi zərurət olmadıqda bağçaya qoymamaqdır. Kimin evində uşağa baxmaq gücündə olan nənə, bibi, xala varsa, uşaq bağçaya qoyulmasa yaxşıdır”.

Pediatr, "HP Guven" klinikasının həkimi Vaqif Qarayev də Sputnik Azərbaycan-a açıqlamasında bağçalarda uşaqlar arasında yoluxma riskinin olduğunu söyləyir: “Azyaşlı uşaqların koronavirusa yoluxmadığını deyiriksə, uşaq bağçalarını pandemiyaya görə bağlı saxlamaq məntiqsizdir. Amma dünyanın bir sıra ölkələrində yenidoğulmuşlar arasında da bu virusa yoluxma qeydə alınıb. Ona görə də ehtiyatı əldən vermək olmaz. Dünyanın düz vaxtında, yəni pandemiyadan əvvəl də bağçaya gedən uşaqlar arasında mövsümi xəstəliklərə yoluxma halları olub. Evdən sağlam gedən uşaq evə qrip və digər respirator xəstəliklərlə qayıdıb. Ona görə də bu riski gözə almaq lazımdır. Yaxşı olar ki, pandemiya dövründə bağçaların fəaliyyət göstərdiyi ölkələrlə bağlı araşdırma aparılsın. Həmin ölkələrdə bağçayaşlı uşaqlar arasında virusa yoluxma ilə bağlı vəziyyət öyrənilsin. Bundan əlavə, immun sistemi zəif olan uşaqları imkan olduqca bağçaya qoymaqdan çəkinmək lazımdır. Bağçalarda qruplarda uşaq sayı imkan qədər azaldılmalıdır. Nəzərə almaq lazımdır ki, bir qrupa 30 uşaq götürüb onları bir otaqda yatızdırmaq olmaz! Düşünürəm ki, pandemiya dövrünün bu tələblərinə əməl etməklə uşaq bağçalarının fəaliyyəti bərpa oluna bilər”.

Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti Ədalət Rüstəm Sputnik Azərbaycan-a müsahibəsində bağçaların açılmasının koronovirusla bağlı riskli olmadığı fikrindədir: “Bağçaların fəaliyyətə başlamasında elə bir risk görmürəm. Sadəcə olaraq müvafiq tələblərə əməl edilməlidir ki, uşaqlar arasında yoluxma olmasın. Bunun üçün bağçalarda uşaq sıxlığı azaldılmalıdır. Otaqlarda çarpayı sayı az olmalı, otağın havası tez-tez dəyişilməlidir”.

Bağçaların fəaliyyətə başlama tarixi açıqlansa da, dövlət məktəbəqədər təhsil müəssisələrinin çoxu hələ ki uşaq qəbul etmir. Valideynlər dövlət bağçalarına uşaq qəbulunun dayandırıldığını söyləyirlər. Bakı sakini Fərizə Salmanova Sputnik Azərbaycan-a bildirib ki, dövlət bağçalarının bir neçəsinə müraciət etsə də hələ ki uşaq qəbulunun aparılmadığı cavabını alıb:

"Bütün bağçalardan eyni sözləri deyirlər ki, hələ ki necə işləyəcəkləri, nə qədər uşaq götürməli olduqları bilinmədiyindən uşaq qəbuluna başlanılmayıb. Ona görə də mən də hələ gözləyirəm. Çünki özəl bağçaya uşaq qoymağa maddi imkanım çatmır".

Binəqədi rayon 40 saylı körpələr evi - uşaq bağçasından Gülçöhrə müəllim Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hələ ki bağçaya uşaq qəbul olunmur: “Bağçaların fəaliyyəti ilə bağlı bəzi məsələlər var ki, biz bu barədə təlimatları gözləyirik. Hələ bilmirik ki, pandemiya dövründə  hər qrupa neçə uşaq götürməliyik. Bunlar bəlli olduqdan sonra uşaq qəbulu ilə bağlı müraciətlərə baxıla bilər”.

Əlaqə saxladığımız digər dövlət uşaq bağçalarından da bağçaya qəti sürətdə uşaq qəbulu aparılmadığını söylədilər. Belə məlum olur ki, onsuz da yer qıtlığı olan dövlət bağçalarında pandemiya dövründə vəziyyət daha acınacaqlı olacaq. Çünki qruplarda uşaq sayı azaldılacaq. Bundan əlavə, hər il olduğu kimi, bu il də bağçalarda yerin olub-olmadığına valideynlərin nəzarət etməsi mümkün olmayacaq. BŞİH-dən Sputnik Azərbaycan-a bildirdilər ki, bağçalara uşaqların elektron qəbulu hələ ki Bakının Nizami rayonunda pilot layihə olaraq aparılır: “Yerdə qalan rayonlarda bağçalara onlayn qəbul mümkün deyil. Pandemiya olduğundan bağçaların elektronlaşması müvəqqəti dayandırılıb”. 

Dərslər bu qaydada başlasa, valideynlər işsiz qalacaqlar

Özəl bağçaların isə çoxu hələ ki fəaliyyətlərini bərpa edib-etməyəcəyini bilmir. Əlaqə saxladığımız bir sıra özəl bağçalardan telefonun dəstəyini qaldıran olmadı. Bəzilərindən isə fəaliyyətə başlayıb-başlamayacaqlarının uşaq sayından asılı olacağını söylədilər. Özəl uşaq bağçalarından hələ ki qeydiyyat aparıldığını, qrup sayında uşaq yığılarsa, sentyabrın 15-dən işə başlayacaqlarını söylədilər. “Erudit-M Muasir Uşaq Bağçası”ndan Sputnik Azərbaycan-a bildirdilər ki, hazırda uşaqların bağçaya qeydiyyatı başlayıb: “Hər qrupda 10 uşaq olacaq. Ötən il isə hər qrupa 15 uşaq götürülürdü. Pandemiyaya görə qruplarda uşaq sayı azalsa da, aylıq ödənişə dəyişiklik edilməyib. Ötən il olduğu kimi aylıq ödəniş 450 manatdır”. 

Təhsil eksperti Elçin Əfəndi Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, pandemiya dövründə dövlət məktəbəqədər təhsil müəssisələrinin yeni tələblər əsasında işləməsi xeyli sayda bağçayaşlı uşağı məktəbəqədər təhsildən kənarda qoya bilər: “Çünki bağçalarla bağlı tələblərdə uşaqların parta arxasında tək-tək əyləşməsi, qruplara az sayda uşaqların götürülməsi məsələsi yer alıb. Bu isə təbii ki, xeyli sayda bağça yaşında olan uşağın məktəbəqədər hazırlıqdan kənarda qalmasına gətirib çıxardacaq, həmin uşaqların nitq və əqli cəhətdən inkişafına təsir edəcək.

Uşaqların bağçaya getməsi isə onların şəxsiyyət kimi formalaşmasına, eləcə də dünyagörüşünə, hərtərəfli inkişafına təsir edir. Müasir dünyada daha intellektual vətəndaş yetişdirmək üçün bünövrədən başlamaq lazımdır. Bağça bu baxımdan təməl hesab olunur. Ona görə də bağçayaşlı uşaqların məktəbəqədər təlim-tərbiyə müəssisələrinə getməsi çox vacibdir".

Məlumat üçün qeyd edək ki, BŞİH-in tabeliyində 346 dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir və orada 2152 qrupda 40 634 uşaq təlim-tərbiyə alır. 346 dövlət məktəbəqədər təhsil müəssisəsinin 107-də 757 məcburi köçkün ailəsi məskunlaşıb və ailələrin tərkibi 3569 nəfərdir.