SƏHİYYƏ

Bu il uşaqlar arasında vaksinlə əhatələnmə səviyyəsi aşağı düşüb - Səbəb

"Əgər peyvənd olunmayan uşaq qızılcaya, məxmərəyə yoluxursa, ikincili infeksiyalara yoluxma riski artır"
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 5 sentyabr — Sputnik. Azərbaycanda bu il uşaqlar arasında peyvəndlə əhatələnmə bir qədər aşağı düşüb. Bu məlumatı Sputnik Azərbaycan-a açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.

O bildirib ki, hər il uşaqlar arasında immunizasiya tədbirləri aparılır. Bu tədbirlər çərçivəsində peyvənddən kənar qalan uşaqlar peyvəndə cəlb olunurlar: "Amma bu il mart ayından etibarən ölkəmizdə koronavirus pandemiyasına görə bu tədbirlər keçirilsə də az valideyn öz uşağını peyvənd olunmağa gətirə bildi. Səbəb isə pandemiya səbəbindən virusa yoluxmadan ehtiyat edərək valideynlərin uşaqlarını polikilinikalara gətirməməsi, eləcə də evdən çıxmağa qoyulan məhdudiyyətlər oldu. Bu üzdən əvvəlki illərlə müqayisədə uşaqlar arasında peyvəndə cəlb olunma bu il qismən aşağı oldu.

Amma biz bu il də immunlaşdırıcı tədbirlər keçirdik. Çünki peyvənd təqviminə daxil olunan peyvəndlər uşaqları koronavirusa yoluxmadan qorumasa da, digər idarəolunan viruslardan qoruyur. Əgər peyvənd olunmayan uşaq qızılcaya, məxmərəyə yoluxursa, ikincili infeksiyalara yoluxma riski artır. Çünki immun sistemi zəifləyir. Ona görə də biz valideynlərə pandemiya şəraitində uşaqlarını peyvənd təqviminə daxil olan vaksinlərdən kənar saxlamamağı tövsiyə edirik".