Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 5 sentyabr — Sputnik. Azərbaycanda Əmək Məcəlləsinə uyğun olaraq işçinin məzuniyyətdən geri qaytarılması qaydası açıqlanıb. Sputnik Azərbaycan-a bu barədə məlumat verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin mətbuat xidmətinin rəhbəri Aynur Osmanqızı bildirib ki, hər bir işçinin əmək məzuniyyəti götürmək hüququ var: "Əmək məzuniyyəti iki hissədən ibarətdir. Əsas və əlavə hissədən. Əsas məzuniyyət 21 təqvim gündən ibarətdir. Bəzən məzuniyyət müddəti 30 təqvim günü də ola bilir. Əmək məzuniyyətinin əlavə hissəsi var ki, bu da staja görə işçinin məzuniyyətinə əlavə edilir".
A.Osmanqızının sözlərinə görə, işçi ödənişsiz 6 aya qədər də məzuniyyət götürə bilər: "Məzuniyyətə gedən işçinin Əmək Məcəlləsinə görə geri çağırılması mümkündür. Bu işçi iş üçün çox vacib olarsa, işdə istehsalat qəzası baş verərsə, ola bilər. Amma yenə işçinin razılığı olmalıdır. Bu, qarşılıqlı razılıqla olmalıdır".
Xidmət sözçüsü onu da qeyd edib ki, işçi məzuniyyətə göndərilməzdən öncə onun məzuniyyət pulu ödənilir: "İşçi işə çağırıldığı müddətdə isə əmək haqqı ilə işə başlayır. Bundan sonra məzuniyyət ödənişsiz verilir. İşçi bununla razılaşmırsa, işçinin məzuniyyətindən geri çağırıldığı məzuniyyət gününün haqqı tutulur. Sonra məzuniyyətə çıxdıqda ödənilir".
A.Osmanqızı bildirir ki, məzuniyyət üçün sentyabrın əvvəlindən yanvar ayına qədər işçilərin məzuniyyət cədvəli qurulmalıdır: "Bu cədvələ sonradan dəyişikliklər də ola bilər. Məzuniyyətə çıxmazdan öncə işçi işəgötürənə müraciət etməlidir. Çünki işəgötürən tərəfindən bu, sənədləşdirilir. İşçi məzuniyyətə çıxmazdan üç gün öncə ona məzuniyyət haqqı ödənilməlidir".
A. Osmanqızının sözlərinə görə, əmək məzuniyyəti hissələrə bölünə bilər: "Hissələrdən biri iki həftə olmalı, yerdə qalanı hissə-hissə ola bilər. İşəgötürənin işçiyə əmək məzuniyyətindən az istirahət verə bilməz. Bunu edirsə, qanunu pozmuş olur".
Qurum səlahiyyətlisi onu da əlavə edib ki, məzuniyyət verilmədikdə, işçi buna etiraz etdikdə işəgötürən tərəfindən işdən çıxardılırsa, bu zaman Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edə bilər.
"Belə hallar olub ki, biz həmin işçiləri işə bərpa etmişik", - deyə A. Osmanqızı əlavə edib.