SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan Rusiyadakı növbəti hərbi təlimə qatılmayacaq

Hərbi təlimlərə sadəcə olaraq iki nəfər hərbi qulluqçumuzun müşahidəçi qismində göndərilməsi planlaşdırılır
Sputnik

BAKI, 5 sentyabr — Sputnik. Müdafiə Nazirliyi Azərbaycan hərbçilərinin Rusiyada keçiriləcək “Qafqaz-2020” təlimlərində iştirakı ilə bağlı açıqlama yayıb.

Sputnik Azərbaycan bildirir ki, qurumun sosial media hesabından yayılan məlumata görə, cari ilin sentyabr ayında Rusiyada keçiriləcək “Qafqaz-2020” təlimlərində Azərbaycan Ordusunun hərbi qulluqçuları iştirak etməyəcəklər.

Qeyd olunan hərbi təlimlərə sadəcə olaraq iki nəfər hərbi qulluqçumuzun müşahidəçi qismində göndərilməsi planlaşdırılır.

Qeyd edək ki, bu gün hərbçilərimiz Rusiyada keçirilən "Tank biatlonu"nda çıxışlarını başa vuraraq 16 ölkə arasında 4-cü yeri tutublar.

Eyni zamanda Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən, bu gün Naxçıvanda iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təliminin birinci mərhələsi keçirilib.

Sentyabrın 3-də isə "Beynəlxalq Ordu Oyunları - 2020" yarışları çərçivəsində keçirilən "Dəniz kuboku" müsabiqəsinə yekun vurulub. Beynəlxalq hakimlər briqadası tərəfindən qiymətləndirmə aparılıb. Keçirilən ümumi mərhələlərin yekun nəticələrinə əsasən, Azərbaycan və Rusiya hərbi dənizçiləri bərabər bal toplayaraq müsabiqənin qalibi olublar.