İQTİSADİYYAT

"Şimal Axını 2" layihəsinin taleyi "Noviçok"dan asılı olacaqmı?

Bundesverin kimyaçıları tərəfindən bəyan edilmiş nəticə "Şimal Axını 2" layihəsinin həll edilmiş taleyindən çox, Almaniya elitası daxilində davam edən mübarizəni əks etdirir.
Sputnik

BAKI, 4 sentyabr — Sputnik, İrina Alksnis. Almaniya hökumətinin Bundesver laboratoriyası tərəfindən aparılmış toksikoloji tədqiqat nəticəsində Aleksey Navalnının orqanizmində "Noviçok" zəhərləyici maddələr qrupuna məxsus substansiyanın izlərinin tapılması barədə bəyanatı bir çoxlarını heyrətə gətirib.

Belə ki, Almaniyanın irəli sürdüyü zəhərləmə versiyasına hətta kimya, tibb və kriminalistikaya kiçik də olsa aidiyyəti olmayan adamlar belə tam əminliklə inanmadıqlarını deyirlər. Mütəxəssislər də susmurlar. Onlar açıq şəkildə bildirirlər ki, zəhərləmənin klinik mənzərəsi görünmür.

"Noviçok ailəsi" prinsip etibarı ilə mövcud deyil, Berlin isə inadla əməkdaşlıqdan və informasiyanı təqdim etməkdən boyun qaçırır. Bu, onun verdiyi açıqlamaları doğrulamağa imkan vermir.

Bu isə ən vacib sualı yaradır: bəs nə üçün məhz belə edirlər?

Səthdə olan ən sadə cavab belədir: yeni sanksiyalar olacaq.

Almaniyanın Rusiya üçün həqiqətən də ağrılı bir "cəzası" var — "Şimal Axını 2" layihəsinin bağlanması. Bu mövzunu Navalnının "diaqnozu" məlum olan kimi dərhal amerikalı və bəzi almaniyalı siyasətçilər də səsləndiriblər. Baş verənlərdən həm də elə görünə bilər ki, ABŞ Almaniya hakimiyyətini qaz kəmərinin çəkilməsindən imtina etməyə məcbur etməyə nail olub.

Lakin Berlin əvvəlki kimi bəyan edir ki, Navalnı işini və "Şimal Axını 2" layihəsini bir-birindən ayırır. Bu gün isə bu fikri Münhen Təhlükəsizlik Konfransının rəhbəri və Bavariyanın baş naziri dəstəkləyiblər.

Belə çıxır ki, Bundesverin kimyaçıları tərəfindən bəyan edilmiş nəticə "Şimal Axını 2" layihəsinin həll edilmiş taleyindən çox, Almaniya elitası daxilində — onun milli yönümlü və Amerika yönümlü hissəsi arasında davam edən mübarizəni əks etdirir.

Yeri gəlmişkən, NATO strukturları vasitəsilə ABŞ-la sıx əlaqəli olan almaniyalı hərbçilər daha çox ikinci hissəyə aiddirlər.

Görünür son hadisələr Almaniyanın suverenliyini və onun okeanın o tayından göstəriş almadan öz taleyini müstəqil müəyyənləşdirmək hüququnu müdafiə edən qüvvələrin xeyrinə işləyə bilər.