CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Uşaqları evin içində, böyükləri həyətdə basdırıblar: Lələtəpənin sirrini türklər açacaqlar

Qarabağda aparılan arxeoloji qazıntılar zamanı ilk dəfə olaraq  Cənubi Qafqazda neolit dövrünə aid məzarlıq aşkar edilib
Sputnik

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 4 sentyabr — Sputnik. Füzuli rayonunun Horadiz qəsəbəsində aşkar edilmiş “Lələtəpə” neolit dövrü yaşayış yeri 2019-cu ildə aparılan arxeoloji kəşfiyyat işləri zamanı üzə çıxarılıb. Bu il avqust ayının əvvəlindən başlayan arxeoloji qazıntılar zamanı yaşı 8 min il olan alətlərin tapılması ərazinin Cənubi Qafqazda ən qədim neolit dövrü abidələrindən birinin olması qənaətini yaradıb.

"Aşkar olunmuş kurqan hal-hazırda Qarabağ düzündə ən qədim cənub neolit dövrü abidəsidir", - deyə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Qarabağ neolit-eneolit ekspedisiyasının rəisi, tarix üzrə fəlsəfə doktoru Xəqani AlməmmədovSputnik Azərbaycan-a bildirib.

Arxeoloji qazıntı zamanı tapılan neolit dövrünə aid obsidian, çaxmaqdaşı, çay daşlarından hazırlanmış məişət əşyaları haqqında danışan Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Əjdər Babazadə qeyd edib ki, obsidian və çaxmaqdaşı kənardan xammal kimi gətirilib, buradakı yaşayış məskəni daxilindəki emalatxanada onlardan əşyalar hazırlanıb.

Onu da qeyd edək ki, arxeoloqların bildirdiyinə görə, Cənubi Qafqazda neolit dövrü yaşayış yerində məzarlığa ilk dəfə rast gəlinir.

"Abidə artefaktlarla, memarlıq və məzarlıq fenomeni ilə zəngindir. Yaşayış yerində uşaqlar evlərin içində, böyüklər isə kənarda dəfn ediliblər. Burada insanlar həm tək, həm də qoşa - bir-birinin üstündə, uşaq və ana bir yerdə olmaqla dəfn olunublar. Uşaq skeletlərinin yanında muncuqlar var. Qəbir çalaları suvanıb və oxra ilə rənglənib", - deyə Əjdər Babazadə vurğulayıb.

“Aşkarlanan tapıntılar Türkiyə Hacəttəpə Universtitetinin Antropologiya bölümünün rəhbəri professor Yılmaz Erdalın rəhbərliyi ilə tədqiq olunacaq. Türkiyəli mütəxəssislər tərəfindən skeletlərin DNT analizi aparılacaq. Araşdırma nəticəsində Anadolu-Qafqaz və ya Anadolu-Qarabağ mədəni qohumluq əlaqələri öyrəniləcək. Bu da qədim dövr sivilizasiyasının öyrənilməsi üçün maraqlı olacaq. Ən əsası da bu günədək o dönəmə aid olan şübhələr aradan qalxacaq", - deyə Xəqani Alməməmədov bildirib.

Sonda onu da əlavə edək ki, Füzuli rayonunun ərazisində aparılan arxeoloji qazıntı işləri indiki mərhələdə tamamlanmaq üzrədir. Ancaq arxeoloqların fikrinə görə, ərazinin öyrənilməsi tam başa çatmayıb. Bundan sonra da burada arxeoloji işlərin aparılmasına ehtiyac var.