CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qayaları çapıb yolu genişləndirdilər

Layihə yol boyu yaşayan əhalinin gediş-gəlişini asanlaşdırmaqla yanaşı, həm də onların tədarük etdikləri kənd təsərrüfatı məhsullarını və meyvə-tərəvəzi qısa vaxtda istədikləri ünvanlara çatdırmağa imkan yaradacaq
Sputnik

BAKI, 2 sentyabr — Sputnik. Ölkə başçısının 1 sentyabr 2020-ci il tarixli əlavə tədbirlər haqqında Sərəncamına əsasən, Quba rayonunun 68 min nəfər əhalinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirən 46 km uzunluğa malik Quba–Qonaqkənd avtomobil yolunun tikintisinin başa çatdırılması Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən genişmiqyaslı tikinti işləri həyata keçirilir. Agentlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, Quba-Qonaqkənd avtomobil yolunun keçdiyi ərazinin relyefinə uyğun olaraq III və IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulması artıq yekunlaşır. Müvafiq olaraq yolun torpaq yatağı 12 və 10 metr, hərəkət hissəsi isə 7 və 6 metr təşkil edir.

Layihə çərçivəsində yolun 35, 36 və 41-ci km-lik hissəsində kiçik dağ çayları üzərində hər birinin uzunluğu 26 və 27 metr olan 1 aşırımlı 3 körpü, yolun 43 və 46-cı km-lik hissəsində Babaçay və Cimiçay üzərində yeni körpülər inşa edilib. Babaçay üzərindən salınan körpünün uzunluğu 126 metr, Cimiçay üzərindəki körpünün uzunluğu isə 80 metrdir.

Bundan başqa, avtomobil yolunun "Təngə dərəsi" kimi tanınan ərazisində, qayaların çapılması hesabına yolun hərəkət hissəsinin 4 metrdən 10 metrə kimi genişləndirilib. Vəlvələçayın kənarında qurulan bəndin hündürlüyü 12 metrdir.

Bütün işlər AAYDA-nin rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun şəkildə aparılır. İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Quba rayonunun Amsar, Nügədi, Püstəqasım, Qam-qam, Təngəaltı və başqa yaşayış məntəqələrini əhatə edən layihə yol boyu yaşayan əhalinin gediş-gəlişini asanlaşdırmaqla yanaşı, həm də onların tədarük etdikləri kənd təsərrüfatı məhsullarını və meyvə-tərəvəzi qısa vaxtda istədikləri ünvanlara çatdırmağa imkan yaradacaq, rayonun turizm imkanlarını genişləndirəcək.