RUSİYA

Britaniya Rusiyanın G7 qrupuna qayıdış şərtini açıqladı

"Böyük səkkizlər" (G8) formatı 1998-ci ildən mövcud olub. 2014-cü ildə format ixtisar olunaraq "Böyük yeddilər" (G7) adlandırılıb.
Sputnik

BAKI, 3 sentyabr — Sputnik. Rusiya "Böyük yeddilər" formatına yenidən qoşulmaq üçün "öz davranışını dəyişməlidir". Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə Böyük Britaniya baş nazirinin ofisinin rəsmi nümayəndəsi bildirib.

"Böyük səkkizlər" (G8) formatı 1998-ci ildən mövcud olub. 2014-cü ildə format ixtisar olunaraq "Böyük yeddilər" (G7) adlandırılıb. Belə ki, Qərb ölkələri Rusiyanı Ukraynanın işinə müdaxilə etməkdə ittiham ediblər və sanksiyalar tətbiq ediblər. Moskva cavab tədbirləri görüb, dəfələrlə bütün ittihamları rədd edib və onunla sanksiya dilində danışmağın səmərəsiz olduğunu bildirib.

"Rusiya "Yeddilik" ölkələrinə qoşulmazdan əvvəl davranışını dəyişməlidir", - baş nazirin ofisinin nümayəndəsi deyib.

O, həmçinin bildirib ki, Rusiya hökuməti Aleksey Navalnının "zəhərlənməsi" ilə bağlı suallara cavab verməlidir.

Baş nazirin nümayəndəsi həmçinin bildirib ki, Böyük Britaniyanın Xarici İşlər naziri Dominik Raab vəziyyəti almaniyalı həmkarı ilə müzakirə edəcək.

Almaniyanın Nazirlər Kabineti sentyabrın 2-də bəyan edib ki, Bundesver laboratoriyasının mütəxəssisləri Berlində müalicə alan Navalnının "Noviçok" zəhərləyici maddələr qrupundan olan maddə ilə "zəhərləndiyini" müəyyənləşdiriblər.