BAKI, 3 sentyabr — Sputnik. Rusiyanın Krasnodar vilayətinin FHN əməkdaşları Azərbaycan əsilli, 56 yaşlı Elxan Əzizovu yanan avtomobildəki insanı xilas etdiyinə görə təltif ediblər. Cəsurluğuna və aktiv vətəndaş mövqeyinə görə Rusiya FHN-in Krasnodar vilayəti üzrə Baş İdarəsi ona təşəkkür məktubu və xatirə hədiyyəsi verib.
Sputnik Azərbaycan Trend-ə istinadən bildirir ki, hadisə mayın 14-də Krasnodarda, Karasun və Krasnaya küçələrinin kəsişməsində baş verib. İşıqforun qırmızı işığında keçən “Nissan” markalı taksi BMW ilə toqquşub. Nəticədə BMW səkiyə çıxıb, taksi isə dirəyə çırpılıb. “Nissan” tüstülənərək alışıb. Onun sürücüsü huşunu itirib. Hadisənin şahidi olan Elxan Əzizov ikinci qrup əlil olmağına rəğmən, ölümlə üz-üzə qalan sürücünü maşından çıxarıb. Hər an partlama təhlükəsi altında olan avtomobilin sürücü tərəfdəki qapısının kilidlənməsi səbəbindən Əzizovun işi çətinləşib. Amma o, özünü itirməyərək huşsuz sürücünü sərnişin tərəfdəki qapıdan çıxarıb.
Hadisə yerinə gələn təcili yardım maşını xəsarət alan sürücüləri xəstəxanaya çatdırıb. Qəhrəmanımız isə evinə qayıdarkən yolda halı pisləşib. E.Əzizov hospitala aparılaraq intensiv terapiya şöbəsinə yerləşdirilib.
Elxan Əzizov deyir ki, insanın avtomobildə diri-diri yanacağını təxmin edən zaman öz köməksizliyini unudub. Özünü qəhrəman hesab etməyən Əzizov bildirir ki, onun yerində olan hər kəs elə bu cür davranardı. Amma təəssüf ki, hadisəyə qarışmayıb olanları sadəcə mobil telefonlarına çəkməklə kifayətlənənlər də az olmayıb.