CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əziz-xələf koronavirus, səni niyə gizlədirlər?

"Virusa yoluxmuş insanlar mənzildə bütün əşyalardan istifadə edirlər. Sanitar qovşaq daxil olmaqla ev dezinfeksiya olunmalıdır ki, o mənzildə yaşayanlar üçün təhlükə qalmasın"
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 2 sentyabr — Sputnik. Qaydalara əsasən, koronavirusa yoluxma ocaqları dezinfeksiya edilməli olsa da, bu qaydalara tam əməl edilmir. Koronavirus xəstələri və bu virusdan dünyasını dəyişən insanların ailələri arasında evlərinin indiyədək bir dəfə belə dezinfeksiya olunmadığını söyləyənlər var. T.M. (adı şərtidir) Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, o, koronavirusa yoluxsa da, mənzili dezinfeksiya olunmayıb.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov da koronavirusa yoluxma halının aşkarlandığı, eyni zamanda virusdan rəhmətə gedən insanların evlərinin dezinfeksiya edilməsinin vacib olduğunu söyləyib. O bildirib ki, dezinfeksiya işlərinin aparılmaması o halda baş verir ki, hər hansı bir xəstənin nəticəsinin pozitivliyi barədə Ərazi Gigiyena Mərkəzinə məlumat ötürülmür:

“Xəstəni test edən və nəticəni bilən həkimlər Ərazi Gigiyena Mərkəzinə məlumat verməlidirlər. Bundan sonra isə ərazi dezinfeksiya şöbələri lazım olan tədbirləri həyata keçirməli, dezinfeksiya aparılmalıdır”.

Z.Kazımov onu da vurğulayıb ki, qurum yalnız xəstələrin olduğu evin dezinfeksiya edilməsinə məsuliyyət daşıyır. Yəni buraya xəstə aşkar olunan həyət və ya küçələr daxil deyil. 

Koronavirusa yoluxub-yoluxmadığınızı bilmirsinizsə, bu əlamətlərə diqqət edin
Onun sözlərinə görə, fərdi həyətyanı sahəsi olan şəxslər həyətlərinin dezinfeksiya edilməsi üçün mütləq prosesi həyata keçirən qurumla müqavilə bağlamalıdırlar.

Sputnik Azərbaycan koronavirusa yoluxma və ölüm qeydə alınan mənzillərdə dezinfeksiya işlərinin aparılmamasının hansı təhlükə yaratdığını araşdırıb.

Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti Ədalət Rüstəm Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yoluxma ocaqlarının dezinfeksiyası vacibdir. Onun sözlərinə görə, koronavirusa yoluxma qeydə alınan mənzillər mütləq şəkildə dezinfeksiya olunmalıdır: “Çünki həmin mənzillərdə virusa yoluxma ehtimalı qalır.

Avropada, koronavirusla mübarizənin aparıldığı bütün ölkələrdə yoluxma ocaqları dezinfeksiya olunur. Bu, ÜST tərəfindən də verilmiş təlimatdır. Çünki xəstənin toxunduğu hər yerdə virus qala bilər. Yoluxma ocağı ona görə dezinfeksiya olunur ki, həmin mənzildə virusa yoluxma halı təkrar qeydə alınmasın.

Nəzərə almaq lazımdır ki, virusa yoluxmuş insanlar mənzildə bütün əşyalardan istifadə edirlər. Sanitar qovşaq daxil olmaqla ev dezinfeksiya olunmalıdır ki, o mənzildə yaşayanlar üçün təhlükə qalmasın”.

"Sürətli və dəqiq". Rusiyada koronavirusu havada aşkarlayan cihaz yaradılıb>>

O ki qaldı koronavirusa yoluxma və ölüm qeydə alınmış ünvanlarda bəzi hallarda dezinfeksiya tədbirlərinin aparılmamasına, Ziyəddin Kazımov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, belə hallar tək-tək ola bilər: “Virusa yoluxmuş, yaxud da vəfat etmiş şəxsin yaşadığı ünvan siyahıda varsa, mütləq həmin mənzil dezinfeksiya edilir. Dezinfeksiya tədbiri məcburidir. Çünki belə ünvanlar yoluxma ocaqlı hesab edilir.

Çox təəssüf ki, bəzən vətəndaşlar özləri mənzilin dezinfeksiyasından yayınırlar. Virusa yoluxmuş şəxslər yaşadıqları yeri gizlədirlər. Amma ünvan qeydiyyatdadırsa, dərhal həmin ünvanda dezinfeksiya aparılır.

Mən sizin vasitənizlə müraciət edirəm ki, əgər virusa yoluxmuş şəxslərdən kiminsə evi dezinfeksiya olunmayıbsa, ərazi GEM-inə müraciət edə bilər. Yox, əgər vətəndaş virusa yoluxduğu halda yaşadığı ünvanı gizlədirsə, bu zaman məsuliyyət onun öz üzərinə düşür".