RUSİYA

Rusiyalı turist Türkiyədə gördüklərindən şoka düşüb

Koronavirus pandemiyası zamanı Türkiyəyə istirahətə yollanan rusiyalı bloger otellərin ağzınacan dolu olduğunu yazıb
Sputnik

BAKI, 2 sentyabr — Sputnik. Koronavirus pandemiyası zamanı Türkiyəyə istirahətə yollanan rusiyalı otellərdə insanların sayından şoka düşüb. O, "zen.yandex.ru" platformasında "Mama na more" adlı bloqunda şəkilləri paylaşıb.

Qadının sözlərinə görə, məzuniyyət üçün seçdiyi beşulduzlu oteldə çoxlu turist var. "Səhv etmirəmsə, otellərin 70 faizdən çox doldurulmasına icazə verilmir. Amma əslində nə görürəm ... otelin ərazisində adamları yarıb keçmək olmur", - deyə o bildirib. Bloger qaldığı oteldəki basabası əks etdirən fotoları da yayımlayıb.

Kadrlardan görünür ki, hovuzlarda çox sayda qonaq çimir, onların yanında isə uzun növbə var. Turistin sözlərinə görə, insanların çoxu yalnız mehmanxananın on hövuzunda deyil, həm də yaxınlıqdakı çimərlikdədir və bütün şezlonqlar həmişə dolu olur.

Bununla belə, material müəllifi hesab edir ki, otel ona verilən pula layiqdir, çünki sentyabr ayında istirahət üçün böyük endirimlər təklif edib.

Daha əvvəl, həmin bloger Türkiyədə otellərin xidmətlərin bir hissəsini yerinə yetirmədən turistlərdən necə pul qazandığını yazmışdı. Səyyahın sözlərinə görə, bir çox mehmanxana qonaqlara 50 faizdən yuxarı sərfəli endirimlər təklif edir, lakin eyni zamanda qənaət etmək üçün müxtəlif yollar fikirləşir. Məsələn, onun otelində zallar bağlıdır, hamamlara isə "döyüşdən keçərək" düşmək mümkündür.

Blogerin yazdıqlarını şərh edən digər rus turistlər isə qeyd ediblər ki, "Rusiyadan qaçıb istirahət üçün Türkiyəni seçirlər, lakin orada da ruslarla qarşılaşırlar". Bəziləri Türkiyədə qiymətlərin aşağı, xidmətlərin isə Krım və Soçidən yüksək olduğunu vurğulayıblar. Yunanıstanın turizm sahəsində Türkiyədən irəlidə olduğunu yazanlar da olub. Lakin onlar Türkiyədə qiymətlərin Yunanıstandan 2-3 dəfə aşağı olduğunu qeyd ediblər.