Qızıldan baha tərəvəz: İndidən tədarükünüzü görün, qiyməti ucuzlaşmayacaq

İqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, yerli pomidorun 85-90 faizi daha cəlbedici və bahalı hesab edilən Rusiya bazarlarına ixrac olunur. Yerli istehsal isə istənilən tempdə artmır
Sputnik

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 2 sentyabr — Sputnik. 2020-ci ilin yanvar-iyul ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor (166,5 milyon ABŞ dolları) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 96,5 milyon ABŞ dolları) ikinci və pambıq mahlıcı (70,6 milyon ABŞ dolları) üçüncü olub.

Lakin qeyri-neft sektorunun aparıcı məhsullarından biri olan pomidorun qiyməti bu gün bazarlarda getdikcə artır. Belə ki, ötən il 0.70 manata olan pomidor bu gün bazarda 1.00, 1.20 manatadır.

Xaricə pomidor ixrac edən Azərbaycanda onun qiymətlərinin belə yuxarı olmasının səbəbini Sputnik Azərbaycan-a iqtisadçı-ekspert Natiq Cəfərli şərh edib.

"Azərbaycanın qeyri-neft sektorunun ən önəmli istiqaməti pomidor ixracatıdır. Yerli pomidorun 85-90 faizi daha cəlbedici və bahalı hesab edilən Rusiya bazarlarına ixrac olunur. Bunun üçün də fermerlər üçün kifayət qədər sadələşdirilmiş ixrac mexanizmləri təklif olunur. Artıq 3 ildir ki, Azərbaycanda qeyri-neft ixracında ilk yerdə pomidor qərarlaşıb. Yerli istehsal isə istənilən tempdə artmır", - deyən Cəfərli hesab edir ki, yerli istehsal həm daxili, həm xarici tələbatı ödəmək iqtidarında deyil.

Ekspertin fikrincə, ölkəmizdə məhsuldarlıqla bağlı problem var: "Azərbaycanda digər ölkələrlə müqayisədə məhsuldarlıq aşağıdır. Həm də pomidor əkini sahələri son zamanlar o qədər də sürətlə artmır".

Natiq Cəfərli bunun səbəbini dövlətin texniki bitkilərlə bağlı prioritetləri ilə izah edib: "Çünki dövlətin texniki bitkilərlə bağlı başqa prioritetləri var idi. Daha çox boş sahələrə pambıq əkilməsi təklif olunurdu. Bu səbəbdən də pomidorun əkin sahələri artmayıb və məhsuldarlıqda ciddi irəliləyişə nail olunmayıb. Buna baxmayaraq, ixracat artıb. İxracat artdıqca da daxili bazara çıxarılan məhsul azalıb. Paralel olaraq məhsuldarlıq da artsaydı, bu zaman həm ixracı, həm də daxili bazarın tələbatını ödəmək mümkün olardı. Lakin bu baş vermədiyindən, disbalans yarandığından daxili bazarda qiymətlər qalxıb".

Ekspertin fikrincə, fermerlər daxili bazara da məhsulu baha çıxarıb ixrac qiymətinə yaxınlaşdırmaq istəyirlər və onların siyasəti belə də davam edəcək. Odur ki, payız aylarında da qiymətlərdə enmə gözlənilmir.