Nazirlər Kabinetinə qanunların icrasına nəzarət etmək hüququ verilib

Nazirlər Kabineti Azərbaycan Respublikası qanunlarının Nazirlər Kabinetinin tərkibinə daxil olan mərkəzi icra hakimiyyəti orqanları, habelə yerli icra hakimiyyəti orqanları və dövlətin hüquqi şəxsləri tərəfindən icrasına nəzarəti həyata keçirəcək.
Sputnik

BAKI, 2 sentyabr — Sputnik. Prezident İlham Əliyev "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nın və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" fərman imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"na edilən dəyişikliyə əsasən, Azərbaycan Respublikası Prezidentinin qeyri-kommersiya hüquqi şəxslərinə verdiyi tapşırığın icrasının nəticələri barədə müvafiq hesabat tapşırığın icraçısı tərəfindən Azərbaycan Respublikasının Prezidentinə təqdim olunmalıdır.

Nazirlər Kabineti Azərbaycan Respublikası qanunlarının Nazirlər Kabinetinin tərkibinə daxil olan mərkəzi icra hakimiyyəti orqanları, habelə yerli icra hakimiyyəti orqanları və dövlətin hüquqi şəxsləri tərəfindən icrasına nəzarəti həyata keçirəcək.

İcraya nəzarət Nazirlər Kabinetinin Aparatı tərəfindən təşkil və təmin olunacaq.