MƏDƏNİYYƏT

Dünya şöhrətli aktyor karantin dövrünü belə keçirir

Entoni Hopkinsin aktyorluqdan əlavə bəstəkarlıq qabiliyyəti olduğunu çoxları bilirlər. Pandemiya zamanı karantində isə o, başqa bir incəsənət sahəsinə də meyl edib
Sputnik

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 2 sentyabr — Sputnik. Dünya şöhrətli aktyor, "Oskar", BAFTA, "Emmy" mükafatının sahibi Entoni Hopkins sevənlərini karantin günlərini boş keçirməməyi məsləhət görüb. Aktyorun özü pandemiya dövründə rəssamlığa meyl edib. Sputnik Azərbaycan xəbər verir ki, 82 yaşlı məşhur aktyor: "Karantində 174 gün... Və sabah... və sabah... və sabah... yazaraq paylaşdığı videoda çəkdiyi rəsmləri nümayiş etdirib. Aktyorun bu addımı izləyicilərin marağına səbəb olub.

Məlumat üçün bildirək ki, Entoni Hopkins 1937-ci ildə Böyük Britaniyada, Uels qraflığının Port-Tolbot şəhərində anadan olub. 1963-cü ildə Kral dram incəsənəti akademiyasını bitirib. 1987-ci ildə Böyük Britaniya şahzadəsi Hopkinsi "Cəngavər" titulu ilə mükafatlandırıb. "Hannibal", "Fil adam", "Drakula", "Günün sonunda" ,"Kölgələr diyarı" və bəzi dünyaca məşhur filmlərdə rol alıb.