CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Akademik Musiqili Teatr yeni mövsümünü açıq elan edib, amma bu dəfə...

Toplantıda eyni zamanda sentyabrın 18-də Milli Musiqi Günü və dahi bəstəkar Üzeyir Hacıbəylinin 135 illik yubileyi münasibətilə virtual tədbirin keçirilməsi də qərara alınıb
Sputnik

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 2 sentyabr — Sputnik. Akademik Musiqili Teatr yeni mövsümü videokonfransla açıb. Bu barədə Sputnik Azərbaycan-a məlumat verən teatrın mətbuat katibi Fəridə Aslanova bildirib ki, 111-ci teatr mövsümünə qədəm qoyan Azərbaycan Dövlət Akademik Musiqili Teatrı bu münasibətlə rəsmi məzuniyyətini başa vuran bütün əməkdaşları ilə geniş tərkibdə videokonfrans keçirib.

Onlayn toplantını giriş sözü ilə açan teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev ölkəmizdə koronavirus (COVİD-19) infeksiyasının qarşısının alınması məqsədilə ​dövlət tərəfindən tətbiq edilən sosial izolyasiya tədbirləri barəsində ətraflı məlumat verib. Bundan sonra da Akademik Musiqili Teatrın fəaliyyətinin Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi qaydalara uyğun olaraq davam etdiriləcəyini bildirən Ə.Lalayev yaradıcı heyəti yaranmış fasilədən səmərəli şəkildə faydalanmağa, ötən mövsümdə teatrın yarımçıq qalan onlayn layihələrində davamlı olaraq aktiv iştirak etməyə çağırıb.

Daha sonra virtual görüşdə iştirak edən aktyorlar, balet artistləri, xor truppasının, orkestr heyətinin üzvləri karantin rejiminin ilk günlərindən indiyə qədər reallaşdırılan layihələrdə iştirakları barədə ətraflı hesabat veriblər. Toplantıda eyni zamanda sentyabrın 18-də Milli Musiqi Günü və dahi bəstəkar Üzeyir Hacıbəylinin 135 illik yubileyi münasibətilə virtual tədbirin keçirilməsi də qərara alınıb.