BAKI, 1 sentyabr — Sputnik. Atdığı hər addımla gündəmi alt-üst edən ekstravaqant müğənni Ledi Qaqa ötən gecə də insanları təəccübləndirməyi bacarıb. Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, 34 yaşlı dünya ulduzu Ledi Qaqa "MTV Video Music Awards" gecəsinə qatılıb. Dünyanı ağuşuna alan pandemiyanın buraxdığı iz onun geyim seçimində də özünü göstərib. Tamaşaçıların hər zaman fərqli obrazlarda görməyə öyrəşdiyi Qaqanın geyimi və istifadə etdiyi maskalar böyük marağa səbəb olub.
Nyu-Yorkda tamaşaçısız, açıq havada keçirilən tədbir zamanı gecədə yer alan sənətçilər öz performansları ilə bir-birini üstələməyə çalışıblar.
Qeyd edək ki, Ariana Qrande, Mayli Sayrus və bəzi sənətçilər də gecədə yer alıblar.
Bir gecədə beş nominasiya üzrə - "İlin ən yaxşı mahnısı" ("Rain on Me"), "Ən yaxşı duet" (Ariana Qrande ilə), "İlin müğənnisi", "Traykon" (həyatdakı uğurlara görə), "Ən yaxşı operator işi" - mükafat qazanan Ledi Qaqa şou ərzində 9 kostyum dəyişib.