RUSİYA

Asteroidə adı verilən yazıçı vəfat edib

Bir müddət əvvəl yazıçının gəlini "Facebook" səhifəsində yazıçının insult və koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirildiyini yazmışdı
Sputnik

BAKI, 1 sentyabr — Sputnik. Sovet və Rusiya yazıçısı Vladislav Krapivin vəfat edib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, 82 yaşlı yazıçı bir müddət əvvəl Rusiyadakı xəstəxanaların birində reanimasiya şöbəsinə yerləşdirilmişdi. Aktyorun ürək çatışmazlığından vəfat etdiyi bildirilir.

Məlumat üçün bildirək ki, V.Krapivin 1938-ci ildə Tümen şəhərində anadan olub. Yaradıcılığa ötən əsrin 60-cı illərindən başlayan yazıçı 1974-ci ildə Lenin komsomolu mükafatına, 2014-cü ildə isə Rusiya Federasiyası Prezidentinin mükafatına layiq görülüb. Onlarla povest, roman müəllifi olan V.Krapivin daha çox uşaq yazıçısı kimi tanınıb.

2016-cı ildə Beynəlxalq Astronomiya İttifaqı 407243 saylı asteroidə Krapivinin adını verib.

Xatırladaq ki, bir müddət əvvəl yazıçının gəlini Larisa Krapivina "Facebook" səhifəsində yazıçının insult və koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirildiyini yazmışdı. Testlərdən sonra insult və koronavirus testi mənfi olub. Lakin onda ağciyər zədələnməsi aşkar olunmuşdu.