CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qaxda qəribə ekzotik meyvə yetişdirildi

Qax sakini indiyədək ölkəyə xaricdən gətirilən ekzotik meyvə-tərəvəzləri öz bağında yetişdirmək qərarına gəlib. Hindistan narı və armudvari balqabaq artıq məhsul verib.
Sputnik

İbrahim Həşimov, Sputnik Azərbaycan

BAKI, 31 avqust — Sputnik. Qax rayonunun Qorağan kənd sakini Süleyman Süleymanov həyətində bölgəyə xas olmayan Hind narı yetişdirib. Təsərrüfat sahibi Sputnik Azərbaycan-a bildirib ki, bitkinin toxumlarını 2 il əvvəl əldə edib. Bu il əkib və ilk ilindəcə məhsul götürüb.

"Bu il əkdim. Məhsul da göz qabağındadır. Mən bunu hobbi olaraq yetişdirirəm. İldən-ilə yeni-yeni meyvələr və bitkilər artırıram. Onları yetişdirmək istəyənlərə verirəm. Mənə elə gəlir ki, Hind narına düzgün qulluq edilsə, onu hər adam yetişdirə bilər", - deyə Süleymanov bildirib.

Həyətini gülüstana çevirən Süleyman Süleymanovun yetişdirdiyi digər maraqlı bitki isə armudvari balqabaqdır. Bu balqabaqdan əsasən suvenir kimi istifadə edilir:

"Yarısı sarımtıl, yarısı isə yaşıldır. Bərk formadadır. Dekorativ kimi istifadə olunur. Bunun üst sarımtıl hissəsi səliqə ilə kəsilib götürülür və içərisi təmizlənir. Sonra isə üst hissə aşağıya yapışdırılır. Nəticədə də qədəh alınır. Bunu da bu il yetişdirmişəm".

Qorağan kənd sakininin yetişdirdiyi qeyri-adi bitkilərdən biri də sarmaşıq gülüdür. Digər dekorativ bitkilərdən fərqli olaraq, o, hər il payızda tamamilə məhv olur.

Qaxda qəribə ekzotik meyvə yetişdirildi

"Sarmaşıq gülü noyabrda məhv olub gedir. Sonrakı ilə yenidən toxumunu səpirəm", - Süleymanov bildirib.

Kənd sakini onu da əlavə edib ki, yeni bitkilər axtarışındadır və gələn il qeyri-adiliyi ilə seçilən bitkilərin sayını daha da artıracaq.