BAKI, 31 avqust — Sputnik. Latviya, prezident Aleksandr Lukaşenko və onun administrasiyasının əməkdaşları da daxil olmaqla, Belarus Respublikasının 30 vətəndaşına ölkəyə daxil olmağı qadağan edib. Sputnik AzərbaycanRİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Latviyanın Xarici İşlər naziri Edqars Rinkeviçs bildirib.
"Onlar prezident seçkilərində fırıldaqçılıqdan və Belarusda dinc nümayişçilərə qarşı qəddarlıqdan məsuldurlar, biz müstəqil və demokratik Belarusu və onun vətəndaşlarını dəstəkləyirik", — deyə Rinkeviçs Twitter-də yazıb.
Bundan başqa, respublikanın rəhbərinə, xüsusən daxili işlər və ədliyyə nazirlərinə, baş prokurora, Mərkəzi Seçki Komissiyasının üzvlərinə və hüquq-mühafizə orqanlarının bəzi əməkdaşlarına beş il müddətinə Estoniyaya giriş qadağan edilib.
Estoniyanın Xarici İşlər naziri Urmas Reynsalın sözlərinə görə, Tallin göstərdi ki, Belorusiyada insan haqlarının pozulmasına son dərəcə ciddi yanaşır, belarusların demokratik dəyişikliklərə nail olmaq naminə azad iradə və səylərini dəstəkləyir.
Lukaşenko daha əvvəl Litvaya səfəri qadağan edilən şəxslərin siyahısına daxil edilib. Bu Baltikyanı ölkənin Xarici İşlər naziri Linas Linkyaviçyusun qeyd etdiyi kimi, Vilnüs Avropa Şurasının Belarusda zorakılığa görə məsuliyyət daşıyan şəxslərə qarşı fərdi sanksiyaların tətbiq edilməsi qərarını alqışlayır.
Qeyd edək ki, avqustun 9-da Belarusda prezident seçkiləri keçirilib və MSK-nın məlumatına görə, Aleksandr Lukaşenko 80,1 faiz səs toplayaraq qalib gəlib. Onun əsas rəqibi Svetlana Tixanovskaya səslərin 10,12 faizini qazanıb.
Müxalifət bu nəticələri tanımayıb və hakimiyyətin ötürülməsi üzrə Koordinasiya Şurasının yaradıldığını elan edib. Tixanovskaya ölkəni tərk etmək qərarına gəlib və Litvaya gedib. Onun vəkilinin sözlərinə görə, prezidentliyə keçmiş namizədin başqa seçimi yox idi.
Nəticələr elan edildikdən sonra Belarusda icazəsiz kütləvi aksiyalar başlayıb və əvvəlcə güc strukturları tərəfindən sərt şəkildə yatırılıb. İlk günlərdə səsvermənin nəticəsindən narazı qalanlara qarşı gözyaşardıcı qaz, su şırnağı, işıq-küy qumbarası və rezin güllələrdən istifadə edilib. Sonradan hüquq-mühafizə orqanlarının əməkdaşları mitinqləri dağıtmağa və güc tətbiq etməyə son qoyublar.
Belarus Daxili İşlər Nazirliyinin məlumatına görə, etirazlar zamanı 6,7 mindən çox insan saxlanılıb, yüzlərlə insan xəsarət alıb, onların arasında ən azı 120 güc strukturu əməkdaşı var. Səhiyyə Nazirliyi toqquşmalar zamanı üç nəfərin həlak olduğunu bildirib.