ELM

Onlayn dərslərə hazırıqmı? İnterneti, kompüteri, smartfonu olmayanlar neyləsinlər?

"Bütün məktəblərdə kompüterlər var ki, onların da böyük qismini şagirdlərə, tələbələrə müvəqqəti verməklə problemi həll etmək olar”.
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 30 avqust — Sputnik. Sentyabrın 15-dən etibarən orta təhsilin müəyyən siniflərində, eləcə də ali təhsilin bütün pillələrində dərslər onlayn keçiriləcək. Sputnik Azərbaycan pandemiya dövründə şagird və tələbələr, eləcə də müəllimlər arasında internetə əlçatanlığı, həmçinin onlayn təhsilə qoşulmaq üçün elektron cihazlarla təminat məsələsini araşdırıb.

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar ƏsgərovSputnik Azərbaycan-a açıqlamasında bildirib ki, pandemiya dövründə təhsilin tamamilə təhsil müəssisələrində aparılması mümkün deyil. Ona görə də orta məktəblərdə təhsilin hibrid formada, ali təhsil müəssisələrində distant aparılması doğru qərardır. Amma Ş.Əsgərov mütləq həm müəllimlərin, həmçinin də şagird və tələbələrin onlayn təhsilə qoşulmaq üçün internet və elektron cihazlara əlçatanlığının təmin edilməli olduğunu söyləyir:

“Onlayn təhsil üçün ilk növbədə internet olmalıdır. Bunun üçün aidiyyatı nazirlik vətəndaşların internetə əlçatanlığını təmin etməlidir. Amma bu hələ problemin həlli demək deyil. Bu gün elə bölgələrimiz var ki, orada internet üzərindən nəinki dərs keçmək, heç mesajlaşmaq olmur.

Bizim İctimai Şuranın bir üzvü Astaradadır. O, internetə qoşula bilmir ki, bizimlə bağlantı yaratsın, onlayn iclaslarımıza qoşulsun. Çünki internetin sürəti çox zəifdir. Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi dərslər başlayana qədər bu problemi yoluna qoymalıdır ki, tələbələr onlayn dərs keçə bilsinlər”.

Hökumət təhsillə bağlı yekun qərarını açıqladı

İKT üzrə tanınmış ekspert, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, onlayn dərslərə başlamazdan öncə real mənzərə aşkara çıxarılmalıdır: “Müəllimlərin, şagird və tələbələrin kompüter təminatı, internetə əlçatanlığı öyrənilməli, araşdırılmalı,  bundan sonra onlayn təhsillə bağlı müvafiq qərarlar qəbul olunmalıdır. Ali təhsil müəssisələri bununla bağlı öz tələbələri arasında sorğu keçirməlidir. Bunun üçün bütün çıxış yolları araşdırılmalıdır. Ola bilər ki, ali təhsil ocaqları təhsil xərclərində güzəşt etməklə bu problemin həlli üçün tələbələrə imkan yaratsın. Yaxud mobil operatorlarla bu istiqamətdə danışıqlar aparsın”.

O.Gündüz bu gün evində kompüteri olmayan müəllim və tələbələrin olduğunu söyləyir. Onun sözlərinə görə, universitetlərin yüzlərlə kompüteri var. Həmin kompüteri müəllim və tələbələrə müvəqqəti verməklə onlayn dərslərə qoşulmalarına şərait yaratmaq mümkündür:

“Yoxsa “mən distant edirəm, tələbə problemini özü həll etsin” demək olmaz. Bu, doğru yanaşma deyil. Elə müəllim və tələbə var ki, kompüteri, planşeti, smartfonu yoxdur. Ona görə də universitetlər monitorinq aparıb real mənzərəni üzə çıxarmalıdır. Əgər müəllim və tələbələrin interneti, kompüteri  yoxdursa, hökumətə, İT şirkətlərinə müraciət edilməlidir. Bütün məktəblərdə kompüterlər var ki, onların da böyük qismini şagirdlərə, tələbələrə müvəqqəti verməklə problemi həll etmək olar”.

O.Gündüzün sözlərinə görə, söhbət təkcə texniki problemdən yox, distant təhsil üçün metodiki vəsaitlərin çatışmazlığından da gedir: “Distant təhsilin metodikası və metodologiyası, rəqəmsal vasitələr və biliklər, bacarıqlarla bağlı çatışmazlıqlar da həll olunmalıdır”.

Ekspertin sözlərinə görə, internetə çıxışın olmadığı yerlərdə mobil internetin köməkliyi ilə tələbələrin təhsilə əlçatanlığı təmin edilə bilər. O, ucqar dağ kəndlərində şagird az olduğundan əyani təhsilin növbəliliklə təşkilinin də mümkün olduğunu bildirir. Həmsöhbətimiz deyir ki, yeni təhsil ilinin onlayn başlanılması ilə bağlı qərar verilməzdən öncə Təhsil Nazirliyi ilə Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi toplantı keçirərək bu məsələ ilə bağlı müzakirə aparmalıdırlar.

Tələbələrin Bakıya gəlməsinin mexanizmi işlənilir

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən isə bildirdilər ki, Nazirliyin tabeliyindəki "Bakı Telefon Rabitəsi" MMC (Baktelecom) yeni tədris ilinin başlanması ilə əlaqədar mənzillərin və fərdi evlərin telekommunikasiya xidmətləri ilə təminatını sürətləndirib. Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, qurum yeni və köhnə binalarla yanaşı, fərdi evlərdə də "Evədək optika" layihəsinin icrasını davam etdirir. Paytaxtın Suraxanı rayonu, Hövsan yolu, Qum adasında yerləşən yeni yaşayış massivində optik şəbəkənin inşası artıq yekunlaşıb. İnternet avadanlıqları ilə pulsuz təchiz edilən 100-dək ailənin yüksəksürətli multimedia xidmətləri ilə təmin olunmasına başlanıb. Eyni zamanda bir optik xətt üzərindən telefon, internet və televiziya xidmətlərindən istifadə imkanı sakinlərin marağına səbəb olub. Belə ki, onlar üçün sərfəli şərtlərlə "1 xətt – 3 xidmət" paketinə qoşulma fürsəti yaradılıb.

Növbəti mərhələdə yeni rabitə infrastrukturunun Nizami, Xətai, Sabunçu və Xəzər rayonlarında fərdi evlərdən ibarət olan yaşayış massivlərində qurulması nəzərdə tutulur. Xatırladaq ki, "Evədək optika" layihəsi müasir standartlara cavab verən GPON (Gigabyte Passive Optical Network – Giqabit tutumlu Passiv Optik Şəbəkə) texnologiyası əsasında həyata keçirilir. Texnologiya istifadəçilər üçün genişzolaqlı internet bağlantısını və yüksək keyfiyyətli xidməti təmin edir.