CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı xanım qərarını verib: Bundan sonra dünyadakı uşaqlar üçün yaşayacaq

Bütün baryerləri aşan xanım: "Ömrümün axırına qədər könüllü olaraq bütün dünyadakı uşaqlara qayğı göstərmək istəyirəm".
Sputnik

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 30 avqust — Sputnik. İxtisasca rejissor olan Xumar Kərimli müxtəlif sahələrdə çalışıb. Amma o, daha çox xeyriyyə tədbirlərinin təşkilatçısı, yardımsevərliyi ilə tanınıb. Qayğıya ehtiyacı olan 100-lərlə uşağın dostu olan Xumar, ölkə hüdudlarından kənarda da öz yardımsevərliyini nümayiş etdirib. O, bu dəfə daha uzağa – Afrikaya, Keniyanın Mfanqano adasına səfər edib. Qəhrəmanımız səfəri və orada görəcəyi işlər barədə Sputnik Azərbaycan-a danışıb: "Səfər fevral ayından planlaşdırılmışdı. Aprel ayına bilet alınmışdı. Apreldən maya qaldı, maydan iyuna və beləcə uzadıldı. Avqustun 22-dən sentabrın 21-ə dək davam edəcək. Keniyada Mfanqano adası var. Nayrobidən 500 km məsafədə, Viktoriya gölünün ətrafında yerləşir. Orada bir ay müddətində könüllü olaraq internatdakı uşaqlarla işləyəcəm".

Azərbaycanlı xanım qərarını verib: Bundan sonra dünyadakı uşaqlar üçün yaşayacaq

Müsahibimizin ən böyük arzusu dünyadakı bütün uşaqlara əl uzatmaqdır: "Mənim ən böyük məqsədlərimdən, arzularımdan biri dünyada olan bütün uşaqlara nəvaziş göstərməkdir. Dinindən, irqindən, millətindən aslı olmayaraq hər bir uşağa toxunmaq ən böyük arzularımdandır. Məqsədim bütün qitələri gəzməkdir. Amma hələlik təkcə Avropa qitəsində - bir il Polşada, iki ay da Almaniyada çalışmışam. Daha çox uşaq inkişafı, təhsil, dramaterapiya (dramaterapiya - uşaqlarda zehni, sosial və psixomotor bacarıqların inkişaf etdirməsidir-red.) ilə məşğul olmuşam, xüsusi qayğıya ehtiyacı olan, daun sindromlu, əlilliyi olan, bir sözlə, tipik və atipik inkişafı olan uşaqlarla çalışmışam. Yeddi ildir bu işlə məşğulam. Afrikadan sonra Asiya, Amerika və Avstraliyaya getməyi düşünürəm".

"Niyə məhz Afrika?" sualına cavabında Kərimli deyib ki, bura digər qitələrdən kəskin fərqlənir, həm təbiətinə, həm də cəmiyyətlərinə görə.

"Afrikalılara öyrətdiklərimin qarşılığında mənəvi qazancım daha çox olacaq. Planımda Afrikanın digər ölkələrini də gəzmək var. Nə qədər ki sağam, yaşayıram, çalışacağam ki, ömrümün axırına qədər könüllü olaraq bütün dünyadakı uşaqlara qayğı göstərim", - deyən Xumar Kərimli, Afrikaya getməklə özünü çox böyük riskə atdığının fərqindədir. Amma hansısa xəstəliyə yoluxacağını düşünərək uşaqlara qayğı göstərməkdən imtina etməyi absurd sayır. Həm də Afrikaya getmək onun ən böyük xəyallarından biri olub:

Azərbaycanlı xanım qərarını verib: Bundan sonra dünyadakı uşaqlar üçün yaşayacaq

"Bu, mənim ən ümdə arzularımdan biridir. Təyyarə bileti alınıb. İmtina da edə bilərdim. Amma bunu düşünmürəm. 50 milyon əhalisi olan Keniyada yoluxma daha azdır. Çünki, onların orqanizmləri xəstəliklərə qarşı immunitet qazanıb. Orada təkcə COVİD-19 deyil, başqa xəstəliklər də var. Mən xəstəliklərə qarşı peyvənd etdirmişəm. "Sarı qızdırma" adlı xəstəlik var, çox təhlükəlidir. Onun peyvəndini etdirmişəm. Ora düşən kimi malyariya xəstəliyinə qarşı xüsusi spreylər, dərmanlar almalıyam. Təkcə xəstəliklər yox, digər risklər də var. Afrika təhlükəli yerdir. Orada hökumətlə polis o qədər də güclü işləmir. Xüsusilə bu dönəmdə rasizm (irqçilik – red) çox yayılıb. Sənin gördüyün işləri müsbət qiymətləndirsələr belə, ağdərili olduğuna görə, elədiklərini heçə sayanlar da ola bilər. Təbii ki, sığorta var, KVDA (Kenya Voluntary Development Association) təşkilatının mənə verdiyi təminatlar var. Amma yenə də təhlükə qaçılmazdır. Bilirəm ki, risk edirəm, amma yenə də getmək istəyirəm. Hətta düşünürəm ki, oradan sağ-salamat qayıtsam, dünyada mənə zaval yoxdur".

Azərbaycanlı xanım qərarını verib: Bundan sonra dünyadakı uşaqlar üçün yaşayacaq

X.Kərimli səfər xərclərinin böyük bir qismini özü ödəyir. Amma ona yardım edənlər, xeyirsevər rəfiqələri var: "Bütün xərcləri özüm çəkirəm. Xərclər kifayət qədər çox idi. Təkcə bilet pulu 1300 manat edir. Təşkilat üçün 350 avro pul ödəməliydim. Daha sonra peyvəndlər, viza məsələsi və s. Mən internatda qalacağam. Fevral ayında bu barədə "Facebook" səhifəmdə paylaşımlar etdim. İnsanlar mənə dəstək oldular. Heç gözləmirdim ki, mənə bu qədər dəstək ola bilərlər. Dostlarımın yardımı ilə bilet aldım. Düşündüm ki, digər məsələləri də onların yardımı hesabına həyata keçirə bilərəm. Təəssüf ki, pandemiya başladı, uçuşlar dayandırıldı, əlavə xərclər ortaya çıxdı. COVİD-19-la bağlı test verməli oldum, viza, sığorta rüsumu məsələsi ortalığa çıxdı. Dostlarım yenə də məni tək qoymadılar. Bundan başqa, toxum.org saytı da mənim səfərim üçün yardım kampaniyası keçirdi. Avqustda gedəcəyimi düşünmürdüm, amma uçuşlar bərpa oldu".

Mühafizəkar ailədə doğulan Kərimli xaricdə işləməsinə yaxınlarının necə reaksiya verdiyinə də toxunub: "Ailəmdə bir çox stereotipləri qırmışam, həm gördüyüm işlərlə, həm də xarici görünüşümlə. İndi onlar hər addımda mənim yanımdadırlar, mənə dəstək olurlar. Son bir ildə seçimlərimə, fikirlərimə hörmət etməyə başlayıblar. Məni bütün halımla qəbul etmələrinin, səhvlərimlə belə məni qucaqlamalarının şahidi oldum. Bu, mənə asan başa gəlməyib. İllərdir bununla mübarizə aparıram".

Azərbaycanlı xanım qərarını verib: Bundan sonra dünyadakı uşaqlar üçün yaşayacaq

Amma valideynləri Xumarın Afrika səfərinə görə çox narahat olublar, hətta karantin dövrünün uzanmasına seviniblər ki, getməyəcək.

"Bu, instinktivdir. İnsan özü üçün narahat olmasa da, doğmaları üçün narahat olur. Bilirəm ki, istənilən halda mən vəziyyətdən çıxış yolu tapacam. Amma doğmalarım harasa gedəndə, onlar üçün narahat oluram. Hər halda bunlara rəğmən, üstümə gəlmədilər, əksinə, bacardıqları qədər maddi yardım etdilər. Pandemiya dövrü ailəmizə də mənfi təsir göstərib, maddi sıxıntımız var. Buna baxmayaraq, getməyimi istəmədikləri halda, mənə kömək etdilər. Bu, məni kövrəltdi. Buna görə onlara təşəkkür edirəm", - deyə Xumar Kərimli fikrini tamamlayıb.