CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qobustan həbsxanasında məhkumlarda və əməkdaşlarda koronavirus var

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qobustan qəsəbəsində yerləşən həbsxanasında və "AZFEN" Birgə Müəssisəsinin Bayıl istehsalat sahəsində yoluxma ocaqları müəyyən edilib.
Sputnik

BAKI, 29 avqust — Sputnik. Aparılmış testlər nəticəsində avqustun 29-da 188 nəfərdə yoluxma halı qeydə alınmaqla, ölkə üzrə koronovirusla yoluxma sayında müəyyən dərəcədə artım müşahidə olunub.

Bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir.

Artımın səbəbləri araşdırılıb və Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qobustan qəsəbəsində yerləşən həbsxanasında və "AZFEN" Birgə Müəssisəsinin Bayıl istehsalat sahəsində yoluxma ocaqları müəyyən edilib.

Aparılmış müayinələr nəticəsində Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Qobustan qəsəbəsində yerləşən həbsxanasının 2 əməkdaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Dərhal həmin əməkdaşların təmasda olduqları həbsxana heyəti və məhkumlar təcrid olunub və onlar COVID-19 müayinəsindən keçirilib. Nəticədə 5 nəfər həbsxana əməkdaşı, 19 nəfər məhkum olmaqla 24 nəfərdə COVID-19 müayinələrinin nəticələri pozitiv çıxıb. Virusa yoluxmuş şəxslərin sağlamlıq durumu kafidir, onların əksəriyyətində xəstəlik simptomsuz keçir, ağırlaşma halları müşahidə olunmur.

Hazırda Qobustan həbsxanasında ciddi epidemioloji nəzarət tətbiq edilmiş və virusun yayılmasının qarşısının alınması məqsədilə zəruri tədbirlər davam etdirilir.

Növbəti yoluxma mənbəyi "AZFEN" Birgə Müəssisəsinin Bayıl istehsalat sahəsində müəyyən olunub. Şirkətin əməkdaşlarından götürülmüş test nümunələrinin 20-nin nəticələri pozitiv olub. Hazırda həmin müəssisədə epidemioloji vəziyyətin stabilləşdirilməsi istiqamətində profilaktik və əks-epidemik işlər aparılır.