CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı əhalisini ciddi təhlükə gözləyir, əgər qarşısı alınmazsa...

"Hesab edirəm ki, bizim görəcəyimiz işlər çoxdur. Tikintinin sürətlə davam etməsinə bir reaksiya vermək lazımdır. Bakı şəhər kənarına doğru genişləndirilməlidir" - Adil Qeybulla
Sputnik

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 28 avqust — Sputnik. Ürək-damar xəstəliklərinin yaranma riski atmosferin çirklənməsi ilə bilavasitə əlaqədardır. ABŞ-ın Klivlend Keys Rezerv Universitetinin kardioloqlarının gəldiyi nəticə belədir. Onlar havanın çirklənməsinin insan orqanizmində kardiometabolik proseslərin yaranmasına təsirini araşdırıblar və bildiriblər ki, bu, insulinə rezistentlik, ikinci tip şəkərli diabet və digər xəstəliklər yaradır. Tədqiqatın nəticələri ABŞ-ın "Journal of Clinical Investigation" nəşrində yer alıb.

Ekspertlər hesab edirlər ki, bu amillər ürək-damar xəstələri üçün təhlükəlidir. Belə ki, havadakı çirklilik xəstəliyin daha da kəskinləşməsinə, infarkt, insult və stenokardiyaya səbəb olur.

Pul pul gətirər: Dövlətin gözü üstündə olsa, mənzil üçün fəryad edən qalmaz

Bu nəticələri əldə etmək üçün tədqiqatçılar laboratoriya siçanları üzərində sınaq aparıblar. Onlar siçanları üç qrupa bölüblər: birinci qrup təmiz hava, ikinci qrup 24 həftə ərzində çirklənmiş hava ilə tənəffüs edib, digər qrup isə həddindən artıq yağlı qida qəbul edib. Patologiya çirkli hava ilə nəfəs alan və "yağlı" qidalarla qidalanan siçanlarda müşahidə edilib. Belə ki, bu qrup siçanlarda şəkər sürətlə yaranıb, miokardda distrofiya prosesləri müşahidə edilib.

Nəticə olaraq belə qənaətə gəlinib ki, təmiz hava ilə nəfəs alanda patoloji dəyişiklik azalır.

Qeyd edək ki, çirkli hava hər il dünyada təqribən doqquz milyon insanın ölümünə, bir neçə milyon insanda isə diabet, insulinə rezistentlik yaranmasına səbəb olur. Havanın çirklənməsi miokard infarktının, insultun və digər bu kimi xəstəliklərin yaranmasında özül amil hesab edilir.

Bu gün ürək-damar xəstəlikləri ölkəmizdə də geniş yayılıb.

"Bu təsirlərdən qorunmaq üçün nə edilməlidir?" sualına cavab olaraq tibb üzrə ekspert Adil QeybullaSputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu gün urbanizasiyanın müşahidə olunduğu hər yerdə çirkli hava problemi ilə qarşılaşmaq mümkündür: "Havanın çirklənməsi 1 kubmetr havada olan benzofenon törəmələrlə təyin edilir. Xərçəng əmələ gətirən toksiki maddələr də var. Neftdən, yanacaqdan əmələ gələn, havaya buraxılan digər tullantılar bəzən atmosfer havasında çöküntü şəklində qalır. Sübut olunub ki, 1 kubmetr havada 1 nanoqram benzofenon törəməsi varsa, bu, 20 adamdan birində ağciyər şişi yarada bilər".

"Havanın çirklənməsi nə qədər çoxdursa, əhali bir o qədər risk altındadır. Bu gün Bakı şəhərində ən böyük problem odur ki, iki addımlıqda köhnə binaları söküb yerində yenisini ucaldırlar. Park tikilmir, yaşıllıq məhdudlaşdırılıb, şəhər bərbad hala salınıb. Bu gün Bakı şəhərinin yaşıllaşması ilə bağlı çox ciddi problemlər var", - deyə ekspert əlavə edib.

O bildirib ki, gələcəkdə infrastruktur qurulmadan tikintilərin davam etdirilməsi daha böyük problemlərə səbəb ola bilər: "Hesab edirəm ki, bizim görəcəyimiz işlər çoxdur. Tikintinin sürətlə davam etməsinə bir reaksiya vermək lazımdır. Bakı şəhər kənarına doğru genişləndirilməlidir".

"Artıq şəhərin mərkəzində də havanın ağırlığı hiss olunur", - deyə A.Qeybulla vurğulayıb.