CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Çöküşə sürükləyən qərar: hər həftə test verilsə, ölkədə hotel qalmayacaq

"Ölkəmizə turist gəlmədiyindən hotellər hazırda korporativ müştəriləri üçün xidmət göstərir. Onlarla isə müqavilə bağlandığından qiyməti artıra bilmirlər. Nəticədə ziyan hotel biznesi ilə məşğul olan sahibkarlara dəyir”.
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 28 avqust — Sputnik. Azərbaycanda bir sıra hotellər bağlana bilər. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Hotellər Assosiasiyasının İcraçı direktoru Günay Sağlam məlumat verib. O bildirib ki, avqustun 8-də Nazirlər Kabineti “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları”nı təsdiq edib. Qərarda  göstərilmiş müddəalardan biri də (4.14.2.) mehmanxanaların işçi heyətinin həftədə bir dəfə COVİD-19 testindən keçirilməsinin vacibliyi ilə bağlıdır. G.Sağlam bildirib ki, bu qərardan sonra hotellərin işçilərini hər həftə koronavirusa görə testdən keçirməsi onları çox çətin durumda qoyub:

“İşçilərin hər həftə testdən keçirilməsi böyük vəsait tələb edir. Bu məbləği hotelin sahibi ödəməlidir. Hotellərin isə hazırda gəliri çox aşağıdır. Ölkəmizə turist gəlmədiyindən hotellər hazırda korporativ müştəriləri üçün xidmət göstərir. Onlarla isə müqavilə bağlandığından qiyməti artıra bilmirlər. Nəticədə ziyan hotel biznesi ilə məşğul olan sahibkarlara dəyir”.

G.Sağlam bildirir ki, hotelləri açıb-bağlamaq çox çətin proses olduğundan, sahibkarlar hotelləri bağlaya da bilmirlər: “Hotelləri bağlayıb yenidən açmaq çox çətin prosesdir. Elə işçilər var ki, 24 saat hoteldə olmalıdırlar. Bu səbəbdən də əksər sahibkarlar hotellərini bağlaya bilmirlər. Amma xeyli sayda insan var ki, pandemiya dövründə hotelini bağlamağa məcbur olub. Çünki hotelin işçilərini hər həftə test etmək əlavə yükdür. Təsəvvür edin ki, sutkada 100 işçinin işlədiyi otellər var. Hotellər gecə-gündüz işlədiyindən bu işçilərin hamısını işə çıxartmaq məcburiyyətindədir. Qeyd etdiyim kimi, əlavə müştəri qəbul etməsələr də, sahibkarlar məcburdurlar ki, korporativ müqavilə bağladığı müştəriləri üçün hoteli işlətsinlər. Çünki şəhərin mərkəzində hoteldə qalmaq üçün müqavilə bağlayan müştəri kənar hoteldə qalmaq istəmir. Bu zaman işçi heyəti işə çıxmalı, hər həftə testdən keçməlidir. Bu isə bir aya 40 min manat məsrəf deməkdir”.

Artıq ürəklərə xal düşüb - nə əvvəlki imicə, nə də pul qazanmağa ümidlidirlər

İcraçı direktorun sözlərinə görə, bu üzdən Azərbaycan Hotellər Assosiasiyası Dövlət Turizm Agentliyinə müraciət edib: “Biz təklif etmişik ki, bu test ya birdəfəlik, ya da ayda bir dəfə olsun. Həmçinin daha münasib qiymətlərlə həyata keçirilsin. Bununla yanaşı, biz xahiş etmişdik ki, həkimlər hotellərə gəlib testi həyata keçirsinlər. Çünki işçilərin xəstəxanalara getməsi əlavə riskdir”.

G.Sağlam hazırda klinikalarla testin qiymətində endirimli qiymət əldə etmək üçün danışıqlar aparıldığını söyləyir: “Hər həftə test tələbinin ancaq hotellərə şamil edilməsi anlaşılan deyil. Bu məntiqlə restorana gedən şəxslərdən də testin nəticəsi tələb edilməlidir. Biz bir neçə klinika ilə danışıq aparmışıq ki, testin qiymətində hotellərə güzəşt etsinlər. Hələ ki endirim əldə edə bilməmişik”.

Hotellər Assosiasiyasının rəsmisi həftəlik test tələbinin hotel biznesinə çox ciddi zərbə vurduğunu bildirir. O deyir ki, hazırda tələbə görə, turist hansısa hoteldə qalmaq istəyirsə, o da testdən keçməlidir: “Bir ailənin dörd üzvü dincəlmək üçün hansısa bölgədə hoteldə qalırsa, deməli, ən azı 400 manat test üçün ödəməlidir. Buna görə çox turist istirahət etməyə getmir. Bu da nəticədə hotellərə pandemiya dövründə zərbə vurur”.

Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov isə pandemiya dövründə bu qərarın düşünülmədən verildiyini söyləyir:

“Hazırda hotellərin gəliri yoxdur. Bu, əlbəttə, hotel üçün çox böyük yükdür. Hotel sahibkarlarının kreditləri var. Üstəlik onlar pandemiya dövründə çox az müştəri qəbul edir. Dezinfeksiya və digər tədbirlərə xeyli pul xərcləyirlər. Bunlarla yanaşı, işçilərinə maaş verir, vergi ödəyirlər. Bu halda hotellərin üzərinə həftəlik koronavirus testini yükləmək bu sahəni çökdürməkdir. Təbii ki, hotel sahibləri buna davam gətirə bilməzlər. Bir müddət sonra onlar hoteli bağlayıb bu biznesdən kənarlaşmalı olacaqlar. Ona görə də bu düşünülmədən verilən qərar ləğv edilməlidir. Yaxud da test pulsuz təşkil edilməlidir”. 

Dövlət Turizm Agentliyindən isə məsələnin diqqətdə saxlanıldığı, aidiyyəti qurumlara bununla bağlı məktub göndərildiyini söyləyib.

Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu həftədən etibarən Agentlik fəaliyyət göstərən hotellərdə monitorinqə başlayıb. Həftədə iki dəfə olmaqla keçirilən monitorinqin məqsədi ilk mərhələdə hotellərdə pandemiya dövründə tələb edilən qaydalarla bağlı maarifləndirmə işi aparmaqdır. Növbəti həftədən qaydaların tətbiqinə əməl edilib-edilməməsi ilə bağlı müvafiq qərarlar veriləcək: "Amma artıq keçirdiyimiz ilk monitorinqdən məlum olur ki, hotellər pandemiya dövründə iki problemdən narahatlıq keçirirlər. Bunlardan biri hotel işçilərinin, digəri isə hotelə gələn müştərilərin koronavirusa görə testdən keçirilməsidir. Buna görə də Agentlik monitorinqlərin ilk həftəsi başa çatdıqdan sonra bu problemlə bağlı aidiyyatı qurumlara müraciət etməyi nəzərdə tutur".