BAKI, 28 avqust — Sputnik. Azərbaycanın tanınmış dizeyneri Gülnarə Xəlilovanın "Qarabağ" adlı milli geyim kolleksiyası dünya brendləri ilə birlikdə IDFW (International Digital Fashion Week) birinci rəqəmsal moda həftəsində təqdim olunacaq. Sputnik Azərbaycan xəbər verir ki, moda həftəsinin açılışı sentyabrın 5-də 75 ölkədən olan təmsilçilərin iştirakı ilə baş tutacaq.
"Yeni həyat formatı yeni perspektivlər açır. "International Digital Fashion Week" Amerikanın, Avropanın və Asiyanın dəb dünyasını birləşdirən meydançadır. Layihədə dünyaca tanınmış dizaynerlər iştirak edəcəklər, dünya brendlərinin kolleksiyaları təqdim olunacaq. Azərbaycanı bu cür əhəmiyyətli beynəlxalq layihədə təmsil etmək mənim üçün böyük şərəfdir"-deyə dizeyner bildirib.
Koronavirus pandemiyası ilə əlaqədar layihə onlayn təqdim olunacaq. IDFW Dəb həftəsi bütün dünya üzrə milyonlarla tamaşaçının baxdığı FNL telekanalı və tətbiqi (https://linktr.ee/fnlnetwork) vasitəsilə yayımlanacaq. FNL şəbəkəsi "Apple TV", "Roku TV", "Andriod TV", "Amazon Fire TV"də, habelə bütün "Android" və "Apple iOS" qurğularında baxmaq üçün əlçatandır. Kolleksiyalar altı ay ərzində platformada əlçatan olacaqlar. "International Digital Fashion Week"in banisi Rokko Leo Qaqliotidir (ABŞ).