MƏDƏNİYYƏT

İndi daha əlçatan: Milli Xalça Muzeyində virtual tur yenilənib

Virtual tur vasitəsilə arzu edən hər kəsin Bakının ən orijinal və möhtəşəm memarlıq binasını bütünlüklə gəzmək, onun ayrı-ayrı mərtəbələrindəki eksponatları görmək imkanı var.
Sputnik

BAKI, 28 avqust — Sputnik. Ölkəmizin mədəni həyatında önəmli yer tutan Azərbaycan Milli Xalça Muzeyi hər zaman öz fəaliyyətində sürətlə dəyişən və müasirləşən dünyanın tələblərini nəzərə alır. Belə ki, dekorativ-tətbiqi sənətin unikal nümunələrinin qorunub saxlanıldığı, nümayiş etdirildiyi Azərbaycan Milli Xalça Muzeyində 360 dərəcə virtual tur yenilənib.

Virtual tur vasitəsilə arzu edən hər kəsin Bakının ən orijinal və möhtəşəm memarlıq binasını bütünlüklə gəzmək, onun ayrı-ayrı mərtəbələrindəki eksponatları görmək imkanı var. Azərbaycan Milli Xalça Muzeyinə virtual tur etmək istəyən şəxslər bunun üçün telefon, planşet və ya kompüterdən istifadə edə bilərlər. Eyni zamanda, muzeyi dünyanın istənilən nöqtəsindən virtual reallıq eynəkləri vasitəsilə gəzmək mümkündür.

Qeyd edək ki, muzeyə 360 dərəcə virtual turda Azərbaycan və ingilis dillərində müfəssəl məlumat yer alır.

Bir sözlə, COVID-19 pandemiyası ilə əlaqədar yaranmış maneələrə baxmayaraq, hər zaman tamaşaçılarını düşünən Milli Xalça Muzeyi dünyanın istənilən nöqtəsində yaşayan insanlara daha yaxın və əlçatandır.

Azərbaycan Milli Xalça Muzeyinin yenilənmiş 360 dərəcə virtual turunu bu linkdən izləmək mümkündür.