BAKI, 28 avqust — Sputnik. Fələstin əsilli amerikalı supermodel, dünyanın ən gözəl qızı kimi tanınan Bella Hadid xəstəliyi barədə danışıb. O, Layma xəstəliyindən əziyyət çəkdiyini bildirib.
Sputnik Azərbaycan xəbər verir ki, o, bu barədə özünün "Instagram" hesabının hekayə bölümündə məlumat verib. 23 yaşlı cazibədar model hər gün mübarizə aparmalı olduğu xəstəliyin ciddi simptomları arasında nizamsız ürək döyüntüsü, əhval dəyişikliyi, oynaq ağrısı, tərləmə, ürək bulanması, nəfəs darlığı, yuxusuzluq, baş ağrısı, panik atak və s. sadalayıb.
"Hər gün xəstəliyin ən azı 10 simptomunu hiss edirəm. Bu, 14 yaşımda başladı və 18 yaşımda sürətləndi," - deyə B.Hadid etiraf edib.
Qeyd edək ki, supermodel Bella Hadid 2019-cu ildə dünyanın ən gözəl qızı elan edilib. Tədqiqatlar göstərib ki, onun üz cizgiləri ideal hesab olunub. İngiltərəli plastik cərrah Culian De Silva gözəlliyin müəyyənləşdirilməsinə elmi cəhətdən yanaşaraq onu planetin ən gözəl qadını hesab edib. O, dünya ulduzlarının dodaqları, burunu, çənəsi, alınının yerləşməsini kompüter analizi vasitəsilə hesablayaraq, ən ideal formul tapıb. Nəticədə, supermodel Bella Hadid 94,35 faizlə ideal nisbətə yaxınlaşıb.