CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yüzilliklər ərzində dünyaya hökm etmiş imperiyanın mirası Azərbaycana nə qazandıracaq?

Ceyhun Eminli: Aşkar olunan qəbir avadanlığı içərisində Roma İmperiyası mədəniyyətinə aid sənətkarlıq nümunələri də var.
Sputnik

Rahim Muradov, Sputnik Azərbaycan

BAKI, 28 avqust - Sputnik. Yardımlı rayonu ərazisində antik dövrə aid qəbirlər aşkar edilib. Qəbirlər rayonun Urakəran kəndinin Bilgəh adlanan ərazisində kənd sakinləri tərəfindən tapılıb. Yardımlı Şəhər 1 saylı orta məktəbin direktor müavini Mir Hümmət Səmədovun Sputnik Azərbaycan-a verdiyi məlumata əsasən, qəbirlər ərazidə təsərrüfat işləri aparılarkən təsadüfən aşkar edilib:

Lerikli təqaüdçü müəllim biologiya otağını əsl arxeologiya muzeyinə çevirib

“Bu ərazidə hazırda qazıntı işləri gedir. Aşkar edilən tapıntı barədə Yardımlı Rayon İcra Hakimiyyətinə bildirdik. Daha sonra Arxeologiya İnstitutuna müraciət etdik və arxeoloq Ceyhun Eminli ərazi və tapıntı ilə tanış oldu. Çox istərdik bu işlər davamlı olsun. Bu, gələcəkdə rayonumuzun turizm inkişafı üçün çox mühüm əhəmiyyət daşıya bilər”.

Sputnik Azərbaycan-ın Yardımlı-Lerik Arxeoloji Ekspedisiyasının rəhbəri Ceyhun Eminlidən əldə etdiyi məlumata əsasən, ekspedisiyanın əsas məqsədi antik dövrə aid dəfn adətlərini izləməkdir:

“Arxeologiya və Etnoqrafiya İnstitutundan Antik Dövr üzrə Yardımlı-Lerik ekspedisiyası bu ilin avqust ayında Yardımlı rayonu Urakəran kəndinin Bilgəh adlanan ərazisində arxeoloji tədqiqatlara başlayıb. Ərazidə 4 sahədə arxeoloji qazıntı yerləri aparıldı. Yer səthindən 50 santmetrdən-2 metr dərinliyə qədər küp qəbirlər aşkar olunub. Tədqiqatların nəticəsində məlum olub ki, bu qəbirlər təxminən 2 min il bundan əvvələ, eramızın I əsrinə aiddir. Aşkar olunan abidələrdə maraqlı məqamlar odur ki, küplər dikinə basdırılıb. Küplərin ağız hissəsi yer səthinə yaxındır və küplərin ağızlarına iri daşlardan örtüklər qoyulub. Azərbaycan ərazisində küp qəbirlərlər geniş yayılsa da, burada aşkar olunan küp qəbirlərin dəfn üsuluna nadir hallarda rast gəlinir. Dikinə qoyulan küplərlə yanaşı ağız hissəsi yer səthinə yaxın və nisbətən maili şəkildə də basdırılan küp qəbirlər də var. Qəbrin içərisində bəzək əşyaları, saxsı qablar və silahlar aşkar edilib.

Aşkar olunan qəbir avadanlığı içərisində Roma İmperiyası mədəniyyətinə aid sənətkarlıq nümunələri də var. Bu da həmin dövrdə ticarət əlaqələrinin də göstəricisi kimi ehtimal olunur. Misal üçün, burada çox maraqlı şüşədən hazırlanmış bəzək əşyaları nümunələri vardır ki, onlar Roma İmperiyasının ərazisinə aid bəzək əşyalarıdır.

Digər maraqlı məqam isə odur ki, küp qəbirlərlə yanaşı ərazidə iri daş örtüklərlə örtülmüş qəbirlər də aşkar edilib. Bu qəbirlər kifayət qədər geniş ərazini əhatə edir və həmin qəbirlərin yanında qurbangah da vardır. Ehtimal olunur ki, bu ərazidə davamlı şəkildə yaşayış olub. Həmin qəbirlər müəyyən dini inancları ilə küp qəbirlərdən seçilir. Qəbirüstü daşların ağırlığı yarım tona və hətta bir tona çatır. Hazırda paralel olaraq həmin qəbirləri də tədqiq etməyi nəzərdə tutmuşuq. 6 hektarlıq ərazinin təxminən 3 hektarında qədim qəbiristanlıq əlamətləri var. Həmin qəbirlərin bir neçəsi açılıb, amma qəbr kameraları hələ tədqiq olunmayıb. Bəzi nümunələrdən həmin qəbirlərin yarısının öz dövründə talan edilməsi təxmin edilir. Çünki tədqiqatlar zamanı məlum olub ki, bir çox qablar qırıq vəziyyətdədir və qırıq vəziyyətdə qəbirdən kənara atılıb. Amma bu bizi məyus eləmir, ümid edirik ki, maraqlı nəticələr əldə edəcəyik. Tədqiqatlarımız sentyabrın ortalarına qədər davam edəcək. Tədqiqatların yekunu olaraq qazıntılar zamanı aşkar edilən maddi-mədəni nümunələr sənədləşdiriləcək”.

Ceyhun Eminli bundan sonra tədqiqatların kameral və laboratoriya şəraitində davam etdiriləcəyini və aşkar olunan maddi-mədəni nümunələr bərpa olunduqdan sonra yerli Tarix Diyarsünaslıq Muzeyinə və Azərbaycanın əsas muzeylərinə təhvil veriləcəyini bildirdi.