BAKI, 27 avqust — Sputnik. Nazirlər Kabineti yanında Operativ Qərərgah yeni tədris ilinə həsr olunmuş brifinq keçirib. Brifinqdə Təhsil naziri Emin Əmrullayev çıxış edərək bildirib ki, Təhsil İnstitutu yeni tədris ili ilə bağlı təkliflər verib:
"Bu məsələ ilə bağlı təhsil ictimaiyyəti ilə birgə fikir mübadiləsi aparılıb. Avqust ayının 25-ə olan məlumata görə, hazırda dünyada 134 ölkədə təhsillə bağlı qərarlar verilib. 63 ölkədə məktəblər açılıb, 55 ölkədə açılma tarixi elan edilib, 39 ölkədə bununla bağlı qərar yoxdur".
Nazir bildirib ki, təhsil müəssisələrinin açılması yoluxmaya təsir edən faktor kimi nəzərə alınmalıdır: "Amma təhsil alanların öyrənmə prosesi vacib məsələdir. Biz bunu təmin etməliyik. Təhsil müəssisələrinin fəaiyyəti bərpa edilməlidir. Amma təbii ki, mövcud şərait nəzərə almaq şərtilə. Biz nəzərə almışıq ki, bağçaların fəaliyyətinə sentyabr ayının 15-dən başlayaraq icazə verilsin. İlk növbədə o yerlərdə ki, virusun yayılma səviyyəsi azdır, orda uşaq bağçaları fəaliyyətə başlasın. Oktyabra qədər pisləşmə müşahidə edilməsə, uşaq bağçalarının mərhələli açılmasını təklif edirik”.