RUSİYA

"Armata" tankının xüsusiyyətləri amerikalı eksperti heyran edib

Ekspert T-14-ün saatda 90 kilometr sürətlə hərəkət etmək qabiliyyətinə də diqqət yetirib. Onun fikrincə, buna görə "Armata" Amerikanın M-1 "Abrams" tankından potensial olaraq daha mobildir
Sputnik

BAKI, 26 avqust — Sputnik. Rusiyanın T-14 "Armata" tankının pilotsuz versiyasının yaradıcıları məsafədən idarə edilən istənilən döyüş maşınına xas olan problemi həll edə biliblər.

Sputnik Azərbaycan xəbər verir ki, bu fikri amerikalı publisist Piter Suçiu "National Interest" jurnalındakı məqaləsində bildirib.

Bir qədər əvvəl məlum olub ki, Rusiyanın ən yeni T-14 "Armata" tankı pilotsuz rejimdə sınaqdan keçirilib.

Publisist hesab edir ki, tankın "vəziyyətdən agahlığı" təmin edən texnika ilə təchiz olunması məsafədən idarə olunan aparatlarla bağlı ən vacib məsələdir. T-14 tankının yaradıcıları onun gövdəsində geniş bucaqlı videokameralar yerləşdirərək bu məsələni həll ediblər. Onlar 360 dərəcəlik bucaqda müşahidəni və vəziyyət haqqında məlumatları təmin edir.

Müəllifin fikrincə, tankın digər bir yenilikçi xarakteristikası onun qülləsidir. Qülləyə uzaqdan idarə olunan yivsiz 125 millimetrlik tam avtomatlaşdırılmış doldurma sistemi olan 2A82-1M topu daxildir.

Ekspert T-14-ün saatda 90 kilometr sürətlə hərəkət etmək qabiliyyətinə də diqqət yetirib. Onun fikrincə, buna görə "Armata" Amerikanın M-1 "Abrams" tankından potensial olaraq daha mobildir.