CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda ən qədim "inqilabçıların" məskəni tapıldı - FOTO

Buradan tapılan daş qalıqlarından ibarət müxtəlif alət və məişət əşyaları onu sübut edir ki, ərazidə 8 min il bundan əvvəl intensiv yaşayış olub
Sputnik

İlham Mustafayev, Sputnik Azərbaycan

BAKI, 26 avqust — Sputnik. Ağstafa rayonunun Xətai kəndi ərazisində Neolit dövrünə aid yaşayış yeri aşkar edilib. Sputnik Azərbaycan xəbər verir ki, ərazidən Neolit dövrünün ən qədim mərhələsinin izlərinə rast gəlinib. “Çağrı təpə” ("Çəpiştəpə") adlanan Neolit dövrü qədim yaşayış məskəni və buradan tapılan daş qalıqlarından ibarət müxtəlif alət və məişət əşyaları onu sübut edir ki, ərazidə 8 min il bundan əvvəl intensiv yaşayış olub. İlkin araşdırmaya görə, ərazinin qədim sakinləri çay ətrafı olduğuna görə burada kompakt yaşayıblar.

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi işlər üzrə direktor müavini Nəcəf Museyibli qazıntı işlərinə “Çağrı təpə”də bu il başladıqlarını söyləyib:

“Son araşdırmalar zamanı aşkar edilmiş daş məmulatları və digər bütün qalıqlar və aparılan qazıntıların nəticəsində edilən analizlər onu göstərir ki, bu ərazidə Neolit dövrü insanları məskunlaşıblar və Neolitin ən qədim mərhələsinin izlərini aşkara çıxara bilirik”, - deyə məlumat verib.

Hazırda 200 kvadratmetrlik ərazidə arxeoloji qazıntılar davam edir. Gələcəkdə tədqiqatların nəticəsindən asılı olaraq bu sahənin genişləndirilməsi planlaşdırılır.

Qeyd edək ki, Daş dövrünün əsas xüsusiyyətlərindən biri "Neolit inqilabı" adlanır: yəni həmin dövrdə insanların məşğuliyyət sahələri içərisində əsas yeri istehsal təsərrüfatına daxil olan əkinçilik və maldarlıq tutub. Həmçinin insanlar daşların deşilməsi və cilalanması üsullarını, toxuculuğu, saxsı qabların hazırlanmasını mənimsəyiblər. Neolitdə əhali oturaq həyata keçməyə başlayıb.