BAKI, 26 avqust - Sputnik. Rusiya Federasiyasında rəsmi səfərdə olan Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramova 1941-45-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi münasibətilə yubiley medalı təqdim edilib.
Sputnik Azərbaycan bildirir ki, Ceyhun Bayramov rəsmi səfəri çərçivəsində Rusiya Federal Məclisinin Federasiya Şurasının sədr müavini İlyas Umaxanov ilə görüşüb.
Tərəflər iki ölkə arasında uğurla inkişaf edən münasibətlərin müxtəlif istiqamətləri üzrə fikir mübadiləsi aparıb, o cümlədən parlamentlərarası əməkdaşlığın yüksək səviyyəsini qeyd ediblər.
Ölkə rəhbərləri arasında mövcud olan qarşılıqlı etimadın, eləcə də qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə təkan verdiyi qeyd olunub. Bu xüsusda, Azərbaycan Respublikası Birinci vitse-prezidentinin ötən il Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində əldə olunmuş nailiyyətlər xüsusi vurğulanıb.
Ölkələr arasında əməkdaşlığın hüquq-müqavilə bazasına istinad olunaraq, bu xüsusda 1997 və 2008-ci il dostluq və strateji əməkdaşlıq üzrə sənədlərə vurğu edilib.
Beynəlxalq səviyyədə əməkdaşlıq məsələlərinə toxunan tərəflər ATƏT, MDB və digər təşkilatların Parlament Assambleyaları çərçivəsində qarşılıqlı faydalı əlaqələrin genişləndirilməsi üzrə fikir mübadiləsi aparıblar.
Tərəflər, həmçinin iki ölkə arasında humanitar, mədəniyyət, təhsil sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Pandemiya ilə mübarizə şəraitində hər iki ölkədən vətəndaşların təxliyəsi ilə bağlı atılmış addımlardan bəhs edən tərəflər mövcud şəraitdə qarşılıqlı yardım və həmrəyliyin vacibliyini vurğulayıblar.
Görüşün sonunda, 1941-45-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi münasibətilə yubiley medalı Azərbaycanın XİN başçısına təqdim edilib.