BAKI, 25 avqust — Sputnik. Ukraynanın koronavirusa yoluxmuş sabiq Baş naziri Yuliya Timoşenko ağciyərlərin süni ventilyasiyası aparatına qoşulub.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "RBK-Ukrayna" agentliyinə etibarlı mənbələr deyib.
"Batkivşina" partiyasının liderinin vəziyyəti sabit ağır olaraq qiymətləndirilir, onun temperaturu 39 dərəcədən aşağı düşmür. Timoşenkonun qızı və kürəkəni koronavirusu yüngül formada keçirir.
Yuliya Timoşenkonun və doğmalarının koronavirusa yoluxması haqqında avqustun 23-də məlum olub. Onun hansı şəraitdə və nə vaxt xəstələndiyi bilinmir.
Son məlumatlara görə, pandemiyanın başlanğıcından bəri Ukraynada koronavirusa 108 mindən çox insan yoluxub, 2318 xəstə vəfat edib, 52 mindən çox xəstə sağalıb.